Deputat atasının büstü ilə bağlı ittihamlara cavab verdi

Deputat atasının büstü ilə bağlı ittihamlara cavab verdi
  19 Avqust 2017    Oxunub:3112
"Büst sovetlər dövründə qoyulub, mən sadəcə təmir etdirmişəm. İkincisi də büst qızıl suyuna salınmayıb".
AzVision.az xəbər verir ki, unu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rüstəm Xəlilov Sabirabad rayonunda atası Gülabba Xəlilova heykəl qoydurduğu barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, büst qoyulması həmin dövrün tələbi idi: "Atam sosialist əməyi qəhrəmanı idi. İndi hansı dövrdür ki, kimsə kiməsə heykəl qoydursun?! Həmin büst o vaxt kolxoz təsərrüfatına verilmişdi. Sonra kolxoz dağıldı. O büst də... Hər adam atasının abidəsini təmir etdirər dəə. Qızıl suyu boş söhbətdir".

Deputat bununla bağlı sosial şəbəkələrdə məlumat yayan şəxsi tanımadığını da bildirib: "Mən bilmirəm ki, o insan kimdir. Onu tanımıram. Deyəsən Şamaxıdandır, onunla heç bir münasibətim yoxdur. Sadəcə qardaşı bizim kənddə yaşayır.

Mən bilmirəm necə insandır. Yəqin xəstədir. Deyilənlərin hamısı yalan söhbətdir. Bir də indi kimisə harasa məcburi ziyarətə aparmaq olar? Ona görə də kənd sakinlərinin məcburi ziyarətə aparılması cəfəngiyyatdır".

Qeyd edək ki, G.Xəlilovun büstü Nizami kənd bələdiyyəsinin binasının qarşısında ucaldılıb. O, bir vaxtlar məşhur pambıqçı olub, 1941-1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944-1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və “Oraq və Çəkic” qızıl medalı alıb.



AzVision.az


Teqlər: Rüstəm-Xəlilov   Sabirabad   Büst  





Xəbər lenti