"Sahibsiz itləri öldürməyin, bizim mərkəzə gətirin!"

"Sahibsiz itləri öldürməyin, bizim mərkəzə gətirin!"
  18 Avqust 2017    Oxunub:18790
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən təməli qoyulmuş, ən müasir standartlara cavab verən IDEA Heyvanlara Qayğı Mərkəzi son günlər Bakı və Sumqayıt şəhərlərində sahibsz itlərin çoxalması ilə bağlı məsələyə münasibət bildirib.
Mərkəzin direktoru Surxay Şükürov AzVision.az-a bildirib ki, IDEA Heyvanlara Qayğı Mərkəzi sahibsiz heyvanlara pulsuz tibi yardım göstərir və onlara quduzluq əleyihə vaksinlər vurulur,

“Bakı və onun ətrafında, Sumqayıt şəhəri də daxil olmaqla bütün bu ərazilərdə sahibsiz itlərin sayı həddən artıqdır. Bunun çıxış yolu isə həmin heyvanların qısırlaşdırılması və sahibləndirilmələridir. Onlar çoxalmasın, deyə qısırlaşdırmaq lazımdır. Bizim əsas işimiz bundan ibarətdir ki, Mərkəzimizə gətirilən itləri qısırlaşdıraq və onları öz yerlərinə qaytaraq. Onların balalarını isə Mərkəzimizə qəbul edirik. Çalışırıq ki, onları kimsə sahiblənsin.

Mərkəzə gətirilən it-pişiklərin sayı hər gün dəyişir. Çünki həmin heyvanları mərkəzimizə gətirir və çıxarılırlar. Mərkəzimizdə hazırda təqribən 300-a qədər it, 200-ə qədər pişik var. Pişikləri çox vaxt himayəyə verməyə çalışırıq. Bu tamamilə ödənişsiz başa gəlir. Mərkəzə gətirilən sahibsiz heyvanlara lazımı peyvəndlər vururuq, böyük heyvanları isə qısırlaşdırırıq. Həmin heyvanı tam sağlam vəziyyətdə sahibinə təhvil veririk”.



S.Şükürov qeyd edib ki, Sumqayıtda sahibsiz heyvanların çoxalması ilə bağlı onlara müraciətlər daxil olur: “Dünən Sumqayıtdan bir xanım çanaq sümüyü qırılmış pişiyi Mərkəzimizə gətirmişdi. Quduzluq xəstəliyi çox təhlükəlidir. İcra Hakimiyyəti və Baytarlıq Xidməti quduz iti dərhal nəzarətə götürməli, eftanaziya etməli və yandırılmalıdır. Quduzluq xəstəliyi 100 il qala bilər. Bu xəstəlik yolxucudur və öldürücüdür. Bəzən insanlar düşünürlər ki, it aqressivdirsə, deməli quduzdur. Bu, əslində doğru yanaşma deyil. Çox vaxt quduzluq xəstəliyi tülkülər vasitəsi ilə yayılır. Bu xəstəlik nadir hallarda olur. Təəssüf ki, belə hadisələr olan kimi insanlarda bütün heyvanlara qarşı mənfi fikir yaranır. Əlbəttə ki, quduzluğa yoluxmuş heyvan digərlərindən tam fərqlidir. Çünki, onun davranışı da digər sağlam heyvanlardan fərqlənir. Quduzluq beyni hədəf seçən xəstəlikdir. Əgər hansısa bir itdə quduzluq halı aşkar edilibsə, bütün heyvanların öldürüləməsi doğru deyil”.



S.Şükürov əlavə edib ki, istənilən vətəndaş aşkar etdiyi sahibsiz it və pişiyi onların mərkəzinə gətirə bilər:
“Bizim mərkəzə daxil olan bütün sahibsiz itlərə, pişiklərə ödənişsiz olaraq quduzluq peyvəndi vururuq. Bu peyvənd ildə bir dəfə vurulur. Küçə heyvanı bizə gətirildikdə ona bir dəfə quduzluq əleyhinə peyvənd vururuq, bu da həmin heyvanın quduzluğa yoluxmaq riskini azaldır. Biz bütün bu işləri ödənişsiz edirik. Baytarlıq idarəsi bu istiqamətdə bizə kömək edir, müəyyən miqdarda bizə peyvəndlər təqdim edirlər.



Vətəndaşlara müraciət edirəm ki, haradasa aqressiv it görən zaman, yaxud onun quduz olması ilə bağlı şübhəniz varsa, Baytarlıq İdarəsinə müraciət edin. Bəzən itlərin aqressiv olmasının müxtəlif səbəbləri olur. Bu səbəblər isə çox vaxt insanlarla bağlıdır. İnsanlar aqressiv it görən zaman onu qovmamalıdır. Bu xüsusən uşaqlara aiddir. Uşaqlar həmin itlərə daş atmamlıdırlar. İnsanlar küçədə sahibsiz, xəstə heyvan gördükləri zaman IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirsinlər. Biz onları pulsuz müalicə edib, quduzluq əleyhinə vaksin vuracağıq. Həmçinin qısırlaşdırcağıq”.











Hafiz Əhmədov
AzVision.az


Teqlər: İDEA  





Xəbər lenti