Yol polisindən sürücülərə xəbərdarlıq - Bunları etmək olmaz!

Yol polisindən sürücülərə xəbərdarlıq - Bunları etmək olmaz!
  18 Avqust 2017    Oxunub:1682
Son vaxtlar bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrində istehsalçı avtomobil zavodları tərəfindən istehsal olunan minik avtomobillərində nəzərdə tutulmayan əlavə avadanlıqların qurulması və yaxud nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılması hallarına yol verilir.
AzVision.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd edilib. Bildirilib ki, əsasən gənc sürücülər arasında avtomobillərdə iri ölcülü şin və disklərdən istifadə etmək, sükan çarxlarını və buferləri dəyişmək, avtomobilin asqı qurğusunda dəyişiklik və əlavələr etməklə banın klirensini (yer səthindən avtomobilin ən aşağı nöqtəsinə qədər olan məsafə) artırmaq, səsboğucuların səsini çoxaltmağa meyillilik müşahidə olunur.

Belə hallardan biri də son zamanlar avtomobillərin işıq cihazlarında “Led” tipli işıq lampalarından istifadə olunmasıdır. Əvvəla onu qeyd etmək lazımdır ki, nəqliyyat vasitələri və onların hər bir ehtiyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq “təhlükəli özü hərəkət mənbəyi” hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaratmış olur.

"Bildiririk ki, Azərbaycan Respublikası yol hərəkət qaydaları üzrə 1968-ci il beynəlxalq Vyana Konvensiyasına qoşulmuşdur. Bununla əlaqədar ölkəmizdə 1998-ci ildə “Yol hərəkəti haqqında” Qanun qəbul olunmuşdur. Həmin qanunun 1 saylı Əlavəsinin III hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qanundan göründüyü kimi xarici işıq cihazları nəzərdə tutulan tələblərə uyğun deyilsə, onun istismarı qadağan olunmalıdır. Sürücülərin nəzərinə çatdırmaq istərdik ki, ölkəmiz 12.02.2002-ci tarixli 261-IIQ №-li Qanunla “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq müqaviləyə qoşulmuşdur. Həmin müqaviləyə qoşulan dövlətlər Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan qaydaları tanımalı və tətbiq etməlidirlər. Bu yolla AİK-in hazırladığı qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər statusunu alır".

Qeyd olunub ki, avtomobil istehsalı zavodları da nəqliyyat vasitələrini bu tələblər əsasında istehsal edirlər. Araşdırmalar göstərir ki, “Led” tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. Belə işıq cihazlarından avtomobilin salonunun icərisinin işıqlandırılması üçün istifadə oluna bilər.

DYP əməkdşları nəqliyyat vasitələrinin texniki tələblərinin pozulması, qanunsuz avadanlıqlaşdırılmasına qarşı mütəmadi mübarizə tədbirləri həyata keçirir.

Məlumat üçün hörmətli oxucuların nəzərinə catdıraq ki, ötən il və bu ilin 6 ayı ərzində nəqliyyat vasitələrinin texniki tələblərinin pozulmasına görə 11013, o cümlədən nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılmasına görə 4853 sürücü inzibati məsuliyyətə cəlb edilib.

AzVision.az


Teqlər: DYP   Sürücü   Maşın  





Xəbər lenti