İndoneziya ermənilərin Qarabağdan çıxmasını istəyir

İndoneziya ermənilərin Qarabağdan çıxmasını istəyir
  16 Avqust 2017    Oxunub:1247
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İndoneziya səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini deyən Ə.Həsənov İndoneziyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dost ölkələrdən biri olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğulayıb.

Ə.Həsənov ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrinin daha da genişləndirilməsinə böyük ehtiyac olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini qeyd edib ki, bu problemin həll edilməsi ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatları qərarlar qəbul edib: “Ancaq bunların heç bir nəticəsi yoxdur. İşğalçı Ermənistan beynəlxalq sənədlərə məhəl qoymayaraq qeyri-konstruktiv mövqe tutaraq hələ də torpaqlarımızı işğal altında saxlayır”.

Görüşdə Əli Həsənov bildirib ki, bu gün dünyadakı konflikt zonalarına nəzər salsaq, görürük ki, müsəlman ölkələrini bir-birinə qarşı qoyurlar və bu konfliktlərdə ölənlərin əksəriyyəti müsəlmanlardır: “Məhz elə buna görə də Azərbaycan Prezidenti İlham Əliyev həmişə müsəlman ölkələrinin birliyini vacib sayıb. Əgər bu həmrəylik güclənməsə, bu proseslər elə bu cür də davam edəcək”.

Səfir Hüsnan Bəy Fanani qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Səfir ölkəsinin dünyanın ən böyük müsəlman ölkəsi kimi Prezident İlham Əliyevin həmrəyliklə bağlı çağrışlarını dəstəklədiklərini diqqətə çatdırıb və qeyd edib ki, İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın işğal olunmuş ərazilərimizdən çıxarılması ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləyir.

AzVision.az


Teqlər: Əli-Həsənov   İndoneziya   Səfir  





Xəbər lenti