Ermənistan əsgərlərin müalicəsindən imtina edir

Ermənistan əsgərlərin müalicəsindən imtina edir
  16 Avqust 2017    Oxunub:1976
Ermənistanın Müdafiə Nazirliyi 2009-cu ildə kor olan 26 yaşlı Razmik Yolçuyanın müalicəsi üçün maliyyə yardımı göstərməkdən imtina edib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, şikayətçi bununla bağlı müdafiə naziri Vigen Sarkisyanla görüşmək üçün müraciət etsə də, ona icazə verilməyib.

Yolçuyanın sözlərinə görə, hərbi xidmətə çağırışa qədər onun sağlamlığında heç bir problem olmayıb. Razmik hərbi hissədə xidmətə başladıqdan 3 ay sonra suçiçəyi tutub və müalicə alıb. Lakin, aylar sonra onun sol gözü şişməyə başlayıb, görmə qabiliyyəti tədricən pisləşib və ordudan 4 ay tez təxris edilib.

İndi Razmikin bir gözü tamamilə kordur, digər gözünün görmə qabiliyyəti isə 2 faizdir. Gözlərinin bir neçə dəfə əməliyyat edilməsinə baxmayaraq, hazırda onun görmə qabiliyyəti pisləşməyə doğru gedir. Həkimlər dərhal addım atılmasa, onun gözlərinin təmamilə kor olacağını bildirir və müalicə üçün xaricə göndərilməsini məsləhət görürlər.

Ermənistan Müdafiə Nazirliyi isə nəinki onun xaricdə müalicəsi üçün maliyyə ayırmaqdan, həmçinin faktiki olaraq orduda xidmətə görə, görmə qabiliyyətini itirən keçmiş əsgərdən imtina edir.

Qeyd edək ki, bundan öncə də Ermənistanın Müdafiə Nazirliyi aprel döyüşlərində yaralanan əsgərlərin müalicəsi üçün maddi yardım göstərməkdən boyun qaçırıb. Bütün bunlar erməni ordusunda qanunsuzluqları göstərən çoxsaylı faktların cüzi bir hissəsidir. Baş verən hadisələrin fonunda Ermənistanda əsgərlikdən yayınma halları getdikcə artır. Xüsusəndə ailələr övladlarının hərbi xidmətdən yayındırmaq üçün müəyyən üsullardan istifadə edirlər. Bunlardan ən başlıcası isə müəyyən məbləğ ödəyərək əsgərlikdən yayındırmaqdır.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan   Ordu  





Xəbər lenti