Vergidən yayınanlara qarşı tədbirlər görüləcək

Vergidən yayınanlara qarşı tədbirlər görüləcək
  16 Avqust 2017    Oxunub:1551
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında Vergilər Nazirliyi tərəfindən hazırlanmış “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün” Strateji Planda nəzərdə tutulan “Transfer qiymətlərinin tənzimlənməsi sahəsində qanunvericilik bazasının və inzibati nəzarət mexanizmlərinin yaradılması” mövzusunda Tvinninq layihəsi təklifi aidiyyəti üzrə təqdim edilib.
AzVision.az-ın məlumatına görə, vergilər nazirinin müavini İlkin Vəliyev deyib ki, bu layihənin vergitutma bazasının genişləndirilməsində rolu və aktuallığı baxımından Avropa Komissiyası tərəfindən müsbət qarşılanıb. Nazir müavini əlavə edib ki, hazırda “Transfer qiymətlərin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” adlı Tvininq layihəsinin həyata keçirilməsi ilə bağlı tenderin keçirilməsi və tərəfdaş ölkələrin müəyyən olunması istiqamətində Avropa Komissiyası ilə danışıqlar aparılır: “Bu layihənin əsas məqsədi transfer qiymətləri ilə bağlı praktiki məsələlərin inzibatçılığına dair Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənmək və gələcəkdə mövcud qaydaları daha da təkmilləşdirməkdir”.

İlkin Vəliyevin sözlərinə görə, “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi nəticəsində iqtisadiyyatın bütün sahələrində nağdsız ödənişlərin dövriyyəsinin artmasına, xərclərin şəffaflığının təmin edilməsinə, gəlirlərin, əmək haqlarının və digər ödənişlərin leqallaşmasına və digər iqtisadi göstəricilərinin yüksəlməsinə şərait yaranıb.

“Bu isə vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanıb ödənilməsi, vergidən yayınma hallarının azalması və vergi sahəsində şəffaflığın artmasına səbəb olub. Konkret rəqəmlərə müraciət edək. Məsələn, cari ilin bitən dövrü ərzində mal, iş və xidmətlərin alınmasına görə nağd pul məxarici 62,6 faiz, ticarət müəssisələri üzrə 67,5 faiz, əmək haqqı və digər ödənişlər üzrə 75,3 faiz azalıb. Qanunun gələcək tətbiqi qeyd etdiyim sahələrdə səmərəliliyin daha da artmasına imkan yaradacaq”, - deyə nazir müavini vurğulayıb.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti