İlham Əliyev 7 milyonluq sərəncam imzaladı
Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilən, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.
Bu sahəyə dövlətin xüsusi qayğısının nəticəsidir ki, milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı, muğam və aşıq sənətləri, eləcə də xalça sənəti UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilmiş, ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilib. Bundan başqa, Azərbaycanın möhtəşəm abidələri Qobustan Milli Tarixi-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mədəniyyət sahəsinə dövlət qayğısının gücləndirilməsi, mədəniyyət obyektlərinin tikintisi və təmiri işlərinin davam etdirilməsi, habelə bərpa-tamamlama işlərinin sürətləndirilməsi məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 6,987 milyon (altı milyon doqquz yüz səksən yeddi min) manat, o cümlədən:
1.1. Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,272 milyon (bir milyon iki yüz yetmiş iki min) manat;
1.2. Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,932 milyon (bir milyon doqquz yüz otuz iki min) manat;
1.3. Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,208 milyon (bir milyon iki yüz səkkiz min) manat;
1.4. Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 21 nömrəli Musiqi Məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün 1,370 milyon (bir milyon üç yüz yetmiş min) manat;
1.5. Bərdə şəhərində yerləşən “Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün 1,205 milyon (bir milyon iki yüz beş min) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Sərəncam