Azərbaycanlılar Saakaşvilinin Gürcüstana qayıtmasını istəyir

Azərbaycanlılar Saakaşvilinin Gürcüstana qayıtmasını istəyir
  14 Avqust 2017    Oxunub:2829
“Gürcüstanda yaşayan azərbaycanlılar Ukrayna vətəndaşlığı ləğv edilən Mixail Saakaşvilin ölkəsinə geri dönməsini istəyir”
Bunu AzVision.az-a açıqlamasında Gürcüstan parlamentində Vahid Milli Hərəkat Partiyasını təmsil edən azərbaycanlı deputat Azər Süleymanov deyib. Onun sözlərinə görə, Gürcüstan əhalisinin 70 faizi Saakaşvilini dəstəkləyir və onun ölkəyə qayıtmasını arzulayır.

“2013-cü ildə Saakaşvili Gürcüstanı tərk edəndən sonra ölkədə heç bir yenilik baş verməyib. Gürcüstan günü-gündən geriyə doğru gedir. İndiki hakimiyyət əhaliyə verdiyi vədlərin heç birini yerinə yetirməyib. Nəticədə narkomaniya, oğurluq baş alıb gedir. Ölkədə işsizlər ordusu yaranıb. Saakaşvilinin dövründə vəziyyət tam fərqli idi. İnsanlar o zaman hakimiyyətə etibar edirdilər”.

A.Süleymanov qeyd edib ki, pasportu ləğv edilsə də, Gürcüstanda ona qarşı cinayət işləri açılsa da, ölkə əhalisinin yeganə ümid yeri Saakaşvilidir: “Gürcüstanın tarixində ilk dəfədir ki, azərbaycanlılar hazırki hakimiyyətə qarşıdır. Həddindən artıq azərbaycanlı Saakaşvilinin partiyasının ətrafında toplaşıb. Soydaşlarımız Saakaşvilinin vaxtında özlərini tam hüquqlu vətəndaş kimi hiss edirdilər. 2003-cü ildə Gürcüstan universitetlərində 2-3 azərbaycanlı var idisə, bu gün onların sayı 3 minə yaxındır. Biz istərdik ki, Saakaşvili tezliklə Gürcüstana qayıtsın, yenilikləri davam etdirsin”.

Qeyd edək ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə Gürcüstan prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışıb. 2014-2015-ci ildə Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Saakaşvili prezident Pyotr Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib. Bir müddətdən sonra Saakaşvili ilə Ukrayna hakimiyyəti arasında münasibətlər pozulub. Poroşenko gözlənilmədən Saakaşvilinin Ukrayna vətəndaşlığını ləğv edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Gürcüstan   Saakaşvili   Azər-Süleymanov  





Xəbər lenti