Yardımlını şoka salan hadisə - İnsan cadudan ölə bilərmi?

Yardımlını şoka salan hadisə - İnsan cadudan ölə bilərmi?
  14 Avqust 2017    Oxunub:19608
Xəbər verdiyimiz kimi, Yardımlıda evindən cadu tapan qadın 8 gün sonra yatağa düşüb, 3 ay sonra isə dünyasını dəyişib. Ailə qadının cadudan öldüyünü iddia edir.
Ailənin gəlini, Firəvan Abışovanın valideynləri qızlarının ailəsində söz-söhbətə son qoymaq və onun firəvan yaşaması üçün mollaya şirinlik duası yazdırıblar. Gəlin də bu duaları evindəki sandıqda və zirzəmidə gizlədib. Qaynana Cəmilə Ağabalayeva bu duaları təsadüf nəticəsində tapıb. Ailəsinin dediyinə görə, cadunu məhv etmək istəyən qayınanaya hansısa qüvvə güclü zərbə endirib.

İnsan cadudan ölə bilərmi?

AzVision.az məsələ ilə bağlı psixoloq və din xadiminə müraciət edib, onların fikirlərini öyrənib.



Psixoloq Elnur Rüstəmov hesab edir ki, bu birbaşa etnopsixologiyadan qaynaqlanır.

“İnsanlar narahatlıqlarına səbəb tapmayanda falçıya, cadugərə müraciət edirlər. İnsanların gündəlik həyatına nəzər salın. Kiminsə canında qorxu varsa, onu pirlərə, çıldağa aparırılar. Düzdür, dövr dəyişib, əvvəlki qədər falçıya, pirlərə müraciət etmirlər. Ancaq bütün hallarda bu gün bu hallar var, sabah da olacaq. Bunu birbaşa gen yaddaşından yox etmək olmaz. İnsanların şüuraltısında falçıya, caduya qarşı maraq var.
Qədim türklərdə də şamanlar vardı. Tarixi kitablarda yazılırdı ki, Böyük Moğol imperiyasında döyüşə başlamamışdan qabaq mütləq şəkildə bir şaman deməli idi ki, bu gün döyüşə getmək olar, yoxsa olmaz. Bunun da tarixi qədimdir”.

E.Rüstəmovun sözlərinə görə, Yardımlı sakininin ölümünün cadudan olmasının heç bir elmi əsası yoxdur: “Sadəcə olaraq bizim insanlarda bu cür şeylərə qarşı inam və maraq var. Gəlinin cadusundan qaynananın ölməsi, əlbəttə, mümkün olan şey deyil. Ömrü verəndə, alan da Allahdır. O, necə cadu ilə gedə bilər? O insanlar caduya inanır, ya Allaha? Bu inam sadəcə kollektiv təltəşüurun məhsuludur. Tarixən belə inamlar olub”.



“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin isə dinin, Quranın cadunu qadağan etdiyini deyib.

“Ümumiyyətlə din, Quran cadunu, bu cür əməlləri qadağan edir. Günah əməllərdən hesab olunur. Digər məsələ isə caduya yanaşmadır. İnsan əgər cadudan qorxursa, o, həmin insana mənfi təsir göstərə bilər. Bu məsələlərdə insan soyuqanlı olmalıdır. Allahın qüdrətinə sığınmalıdır. Bunu edərsə, hər hansısa bir cadu ona heç bir mənfi təsir göstərə bilməz. “Qurani- Kərim”in surələrində qeyd olunur ki, ”de ki, insanların rəbbinə pənah aparıram”. Allahın qüdrəti hansısa bir cadununu zərərsizləşdirməyə də yetər. İnsan hadisələrə necə yanaşırsa, bu yanaşma onun gündəlik həyatına təsir göstərir. Adam yol gedəndə qarşısına çıxan qara pişiyi mənfi bir əlamət kimi qəbul edirsə, bu zaman onun başına hansısa bir hadisə gələ bilər. Ancaq bütün hadisələri xeyirə yozarsa, o zaman qarşılaşdığı situasiyalar da təsirsiz olar, cadudan, bəd duadan ziyan görməz. “Qurani-Kərim”də digər canlılar, cinlər, şeytanlar, qara qüvvələr haqqında məlumat var. Amma onlardan qorunmaq üçün qorxmaq lazım deyil. Bu yaşıma kimi bir dəfə də ağlımın ucundan keçməyib ki, kimsə mənə cadu edə bilər, başıma pis bir iş gələr. Ona görə də heç vaxt ziyanlı şeylərlə rastlaşmamışam”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Din   Cadu   Dua  





Xəbər lenti