Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı

Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı
  11 Avqust 2017    Oxunub:2379
Anar Yusifoğlu

Şair, jurnalist dostum Elçin MİRZƏBƏYLİnin 50 yaşına

Müsahibələrindən birində "...Biz Vətəndən nə istəyirik?” sualına cavabında Elçin Mizəbəyli deyir ki, Vətəndən nə istəyə bilərik ki?! Vətən sənsən, mənəm... Başqalarını bilmirəm, məni əzən Vətən deyil, Vətən olmaq istəməyən torpaq parçaları və vətəndaş ola bilməyən daş qırıntılarıdı... Bizi öz ağırlığımız əzir. Hər kəs düşüncəsindəki, ürəyindəki yükün ağırlığı altına əyilib bir az. Yük artıqca əyrilik də artır...”
Burada söhbət Vətən, torpaq yükünü daşımaqdan gedirsə, əslində bu, hamıya aid edilə bilməz. Axı özünün də dediyi kimi, Vətən olmaq istəməyən torpaq parçaları və vətəndaş ola bilməyən daş qırıntıları Vətən ağrısına, Vətən dərdinə necə tab gətirə, necə sinə gərə bilər?!
Vətən ağrısıyla ömür boyu yaşamaq hər Allah bəndəsinə qismət olmur.

Vətən dərdiylə ömür boyu nəfəs almaq hər adamın alnına yazılmır.

Vətən dərdi ancaq onu çəkməyə, daşımağa gücü çatanın bəxtinə düşür, ömür payına çevrilir.
Bəli, hər çiyin Vətən dərdinin ağırlığına tab gətirə bilməz. Yoxsa, dahi Füzuli "Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. ”- deməzdi.
...Elçin Mizəbəyli də tez-tez dərdi sevməyini, dərdlə qol-boyun yaşamağını dilinə gətirir və hətta kiminsə qismətinə düşən dərd payına da yiyə durmaq istəyini gizlətmir. Təkcə bir şərtlə ki, ona "bir az təsəlli, bir az da ümid” verilsin:

Deyəsən yük oldu sənə...
Nə dərdin var...
ver, daşıyım.
Bir az...
Təsəlli ver yenə,
Bir az...
Ümid ver, yaşayım…

… Mənə elə gəlir ki, Elçin Mirzəbəyli Vətən dərdini çiyinləri üzərində hələ o çiyinlər bərkiməyən vədələrdən, lap gənc yaşlarından daşımağa başlayıb. O zaman ki, onda hələ paytaxtın baş meydanı Leninin adını daşıyırdı və "Azadlığ”a gedən o ağır, üzücü yolda nələr yaşanacağını da bir Allah bəndəsi belə bilmirdi. SSRİ-nin süquta uğrayacağını da, tarixin və taleyin hökmülə Azərbaycan xalqının ikinci dəfə müstəqillik bayrağını qaldıracağını da bəlkə də çox az adamın ağlına və dilinə gətirməyə gücü, qüdrəti çatırdı. Elçin Mirzəbəyli bax, o vədələrdə "Azadlıq” marşı yazmışdı və azadlıq təşnəsi olan soydaşları da o marşı oxuya-oxuya Lenin (Azadlıq) meydanına üz tutmuşdular…

İndi mən tam əminliklə deyə bilərəm ki, Elçin Mirzəbəyli o marşda deyilən:

- Qalx ayağa, millət,
Boğmasınlar səsimizi!
Bir bayraq altında
Birləşdir bizi!

- sözlərini qələmə aldığı anlarda Vətən dərdini də çiyinləri üzərində gəzdirirdi və bu gün də o ağır yükü daşımaqdan zərrəcə usanmayıb. Ona görə ki, qəlbindən qələminə süzülən o kəlmələrə hər zaman bütün varlığıyla inanıb. İnanıb ki:

Bir sabah geri qayıdacaq, dünyanın bütün rəngləri,
Və bir sabah,
Tanrı utanacaq göz yaşlarından…

P.S. Yazının əvvəlində sözügedən müsahibəni müxbir belə bir sualla yekulaşdırır:
- EŞQə aşiqsiniz, yoxsa SÖZə?
- Tanrıya aşıqəm.
- Sizi niyə hamı çox sevir?
- Əgər dediyiniz həqiqətdirsə, o zaman demək, dünyanın ən xoşbəxt adamıyam.

P.P.S. Mən isə onun bu sonuncu cavabını azca əlavə ilə dəyişdirib belə yazıram: Elçin Mirzəbəyli dünyanın Vətən dərdi çəkən ən xoşbəxt adamıdır…



Teqlər: #Elçin-Mirzəbəyli  





Xəbər lenti