Alman kilsəsini ermənilər talan etmişdi – REPORTAJ+FOTOLAR (III YAZI)

Alman kilsəsini ermənilər talan etmişdi – REPORTAJ+FOTOLAR (III YAZI)
  11 Avqust 2017    Oxunub:17684
Murad Köhnəqala
Şəlalə Göytürk

(Reportajın əvvəlini BURADAN oxuya bilərsiniz)


Göygöldə almanların iki növ qəbiristanı var: mülki və hərbi qəbiristan. 1941-1945-ci illər müharibəsində əsir düşən almanların dəfn olunduğu qəbiristanlar “hərbi” adlanır. Yerli almanların torpağa tapşırıldığı məzarlıq isə “mülki” qəbiristandır.
Göygölün sonuncu almanı Viktor Kleynin uyuduğu qəbiristana tərəf yol alırıq. Fikrət müəllim 50 ildən artıq dostluq etdiyi Viktor Kleyni unutmadığını, tez-tez onun məzarına baş çəkdiyini, qəbrin ətrafında təmizlik işləri apardığını söyləyir.

Maşınımız şəhərin təmiz və səliqəli küçələri ilə irəlilədikcə Fikrət müəllim yol boyu görünən parklar, binalar və digər ictimai iaşə obyektləri haqda bizə məlumat verir.
- Bax, yolun solunda gördüyünüz bu balkonlu taxta ev ata Forerin, bu birisilər isə (fərqli dizaynda işlənmiş evləri göstərir) onun oğlanlarının evi olub.

“Göygöl” şərab zavodunun əsasını Forerlər qoyub. 1860-cı ildən bu günədək fəaliyyətdədir. Spirtli içkilərlə yanaşı, mineral sular, qazlı və qazsız içkilər, limonad və s. də istehsal edir. Baxın, alman texnologiyası budur! 155 ildir bu zavod işləyir. Yəqin ki, hələ bundan belə də uzun illər çalışacaq.



Nəhayət, Gəncə çayının sağ sahili ilə Viktor Kleynin uyuduğu qəbiristanlığa yaxınlaşırıq. Dəmir barmaqlıqlarla hasarlanmış bu alman məzarlığını tamamilə ot basıb. Uzaqdan əsən dağ mehinin sığalı və rütubətli torpağın nəvazişi ilə uzanan otlar bəzi məzar daşlarını görünməz edib.



Fikrət müəllim yenə cibindən bir dəstə açar çıxardı və irəli yeriyib məzarlığın dəmir darvazasını açdı.

Bu qəbiristanlığa gələnləri qarşı tərəfdə abidə kimi ucaldılmış böyük bir xaç qarşılayır.

Bura mülki qəbirstan adlandırılsa da, xaçın sağ tərəfindəki qardaşlıq məzarında İkinci Dünya Müharibəsi zamanı əsir düşmüş almanlar uyuyur. Kiçik qara xaçlar basdırılmış bu məzarın üzərində heç bir ad, soyad qeyd olunmayıb. Sol tərəfdə isə mülki qəbiristanlıq yerləşir.



1819-cu ildən tutmuş ta bu günümüzədək Göygöldə yaşamış almanların əksəriyyəti bu qəbiristanlıqda dəfn olunub. Ətrafda gördüyümüz hər bir məzar daşı muzey eksponatı kimi özündə bir tarix yaşadır. Buradakı baş daşlarının heç biri digərlərinə bənzəmir. Sən demə, buradakı hər bir qəbir daşı formasının öz simvolik mənası varmış. Məsələn, budanmış ağac formasında olan baş daşları gənckən ölənlərə aiddir.



Budur, bu da evində olduğumuz Viktorun məzarı! Bütün arxiv şəkilləri muzey ekspertlərinə təhvil verildiyindən onun şəklini yalnız qəbirüstü daşında görə bildik. Viktorun bəxti burda da gətirməmişdi, qəbirüstü daşı digər alman qəbirlərindən fərqlənirdi. Üzümü Fikrət müəllimə tutub soruşuram:

- Bu qəbir daşını ayrı cür, məsələn, piano şəklində düzəltdirmək olmazdımı?
- Bilirsizmi, qəbristanın girəcəyində alman qəbirləri üçün daş sexi vardı, sex öz fəaliyyətini çoxdan dayandırıb. Əslində düz deyirsiniz, burdakı məzar daşlarının hər biri fərqlidi. Əzizini itirmiş insanlar üçün, yəqin bu da bir təsəllidi.



- Fikrət müəllim, almanların dəfn mərasimi necə olurdu, almansayağı, yoxsa?
- Əlbəttə, almansayağı. Onlar öz adətlərini heç vaxt pozmadılar. Dəfn olunanlar orkestrla yola salınırdı. Viktorun dəfnində, demək olar, bütün qəsəbə sakinləri iştirak elədi.



...Biz Viktorla və orada uyuyan bütün qəriblərlə vidalaşıb darvazaya yaxınlaşırıq. Fikrət müəllim qapını qıfıllayıb açarı cibinə qoyur. Biz, qürbətdə ölməyin acısını dadan bu insanları uyuduğu yerdəcə qoyub yavaş-yavaş qəbirstandan uzaqlaşırıq...

ALMAN LÜTERAN KİLSƏSİ

Göygölün (Helenendorf) düz mərkəzində yerləşən bu əzəmətli bina Müqəddəs İohann kilsəsi adlanır. Kilsənin tikintisinə 1854-cü ildə başlanıb, 1857-ci ildə isə sakinlərin istifadəsinə verilib. Neoqotika üslubunda tikilən bu kilsə XIX əsr Qafqaz almanlarından yadigar qalan ən unikal abidələrdən biridi.



İkinci Dünya müharibəsinin başlanmasına qədər Helenendorf və ətraf ərazilərdə yaşayan almanların ruhani ocağı kimi fəaliyyət göstərən kilsə, 1941-ci ildə fəaliyyətini dayandırır. Səbəb isə alman əsilli sakinlərin bu ərazilərdən köçürülməsi ilə bağlı olub.



Azərbaycanda yaşayan almanların müharibə zamanı daxildə casusluq edəcəyindən ehtiyatlanan Stalin onları Qazaxıstana və Orta Asiyanın digər yerlərinə sürgün edir. Bununla da almanların nəinki Azərbaycanda, o cümlədən Cənubi Qafqazda saldıqları qəsəbələr tamamilə boşaldılır.

Göygöl Rayon İcra Hakimiyyətinin Tikinti-arxitektura şöbəsinin müdiri Fikrət İsmayılov rayonun tarixini demək olar ki əzbər bilir. Fikrət müəllimdən kilsə haqqında bəzi məlumatlar öyrənirik. Söhbətdən belə aydın olur ki, haqqında danışdığımız bu kilsə, müharibənin başlanması ilə əlaqədar fəaliyyətini dayandırsa da, müharibə dövründə hərbi hospital kimi istifadə olunub.



Sonralar xeyli müddət qapısı qıfıllı qalan binanın içərisini yüngülvari təmir edib, idman zalı kimi istismara verirlər. Kilsə, haradasa, 1970-ci illərə qədər rayonda idman mərkəzi rolunu oynayır. Səkkiz metr hündürlüyündə olan zalın dairəvi balkonlarını döşəmə tirləri ilə birləşdirərək içəridə ikimərtəbəli meydan yaradırlar. Alt mərtəbə voleybol, üst mərtəbə isə əsasən, basketbol zalı kimi fəaliyyət göstərir. Bunlarla yanaşı, birinci mərtəbənin çıxış tərəfində digər idman növləri ilə də məşğul olmaq üçün avadanlıqlar quraşdırılır.

Kilsə binası 2005-ci ildən Göygöl Rayon Tarix- Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir.

KİLSƏDƏ

Geniş küçəni keçib, qırmızı rəngli dağ daşlarından inşa olunmuş möhtəşəm tikiliyə yaxınlaşırıq. Eni 13,3, uzunu 36,6, zalının hündürlüyü 8,6 metr olan kilsəyə daxil oluruq. Kilsə artıq neçə ildir, tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir və burada Göygölün tarixinə dair ən qədim dövrlərdən tutmuş, müasir günümüzə aid müxtəlif eksponatlar sərgilənir.

Muzeyin direktoru Rita İbrahimova ilə bu tarixi abidənin keçmişi və indiki vəziyyəti ilə bağlı söhbətləşdik. Rita xanım bildirdi ki, keçmişdə kilsə, hazırda tarix muzeyi olan bina, 2008- ci ildə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən əsaslı surətdə təmir edilib. Onun dediyinə görə, rayonda alman əsilli sakin qalmadığından bina 1982-ci ildən etibarən Tarix-Diyarşünaslıq muzeyi kimi fəaliyyətdədir.



Muzeydə Göygöl Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova ilə də görüşdük. Şərqiyyə xanım bizə muzeydəki eksponatların tapılma yerlərindən və tarixindən danışdı.

Kilsənin daxili görünüşü ilkin şəkilləri ilə müqayisədə çox dəyişilib. Vaxtilə keşişin dualar oxuduğu yuxarı qatdakı hücrə tamamilə sökülüb. Spiral formasında quraşdırılmış pilləkənlərin yuxarısında, ikinci mərtəbədə qapısı bağlı bir otaq gözə dəyir. Söhbət əsnasında məlum olur ki, pillələrin spiralvari formasını muzey təmir olunarkən, Fikrət müəllim özü işləyib. Qocaman arxitektor pilləkənlərin forması haqda heç kimə demədiyi sirri də bizə açdı. Sən demə, bu ideya, ölkəmizin milli pul vahidi olan iyirmi qəpik üzərindəki spiralvari pillə təsvirinin eynisidir.

Biz Fikrət müəllimdən həmin otağın funksiyasını soruşuruq. İzah edir ki, kilsə zəngini və saatı idarə etmək üçün qülləyə bu otaqdan qalxırlar. Kilsə zəngi hər saat tamamında həmin rəqəmin sayı qədər, yarım saatdan bir isə bir dəfə vurur.



Soruşuruq:

- Fikrət müəllim, 161 yaşı olan bu kilsədə xristianlığın hər hansı bir simvolu: xaç, ikona, dini məzmunlu rəsmlər və s. gözə dəymir. Sizcə, onlar hara qeyb olub?

- 1941-45-ci illərdə almanlar tamamilə sürgün olunduqdan sonra boş qalmış alman evlərinə əsasən erməni ailələri köçürüldü. Başqa sözlə desək, alman məhəllələrində ermənilər yerləşdirildi. Bu, demək olar ki, indiyə qədər işıqlandırılmayan tarixi faktdır. Azərbaycanın hər yerində boşaldılmış bütün alman məskənlərinə erməniləri doldurublar.
Bu kilsədəki eksponatları, maddi nümunələri də o zaman ermənilər talan etmişdi.
Məndə olan məlumata görə, bu kilsənin bütün əşyaları Yerevana aparılıb. Uşaqlığımdan və gəncliyimdən yadımdadı, almanlar kilsəyə yığılıb ayinlər keçirər, dualar edər, arqan musiqisi altında xorla oxunan dini mahnılara qulaq asardılar. Söhbət Stalin sürgünlərindən yayınan almanlardan gedir...

(Ardı Burada)

AzVision.az


Teqlər: #Azərbaycan-almanları   #Helenendorf   #Göy-göl  





Xəbər lenti