Ərdoğan azərbaycanlı idmançının qələbəsinə sevindi - VİDEO

10:44   11 Avqust 2017    Oxunub: 15389

Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb.

AzVision.az-ın məlumatına görə, Quliyev “TRT Spor”a müsahibəsində dünya çempionu olmasını şərh edib.

O, bildirib ki, yarış onun üçün unudulmazdır: “Yarışlara hazırlaşdığım müddətdə inanırdım ki, bunu bacara bilərəm. İndi bunu bacardım. Bu, mənim ən böyük istəyim idi. Çalışacağam ki, Tokio Olimpiya Oyunlarında da qızıl qazanım”.

R.Quliyev Üseyn Boltu da rəqibləri sırasında görmək istədiyini bildirib: "Amma olmadı. İndi sıra bizdədir”.

R.Quliyev qələbədən sonra Azərbaycan bayrağı ilə dövrə vurmasını belə izah edib: “Arzum idi ki, Azərbaycan bayrağı ilə də dövrə vurum. Bunu etdim. Bununla Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu göstərdim”.

Qeyd edək ki, Ramil Quliyevin qələbəsi qardaş Türkiyədə böyük coşğu ilə qeyd edilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramili təbrik edib.

Ramilin müqavilə ilə məxsus olduğu “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım onunla fəxr etdiyini deyib: “Qürurluyam. Bu axşam ağlamaq istəyirəm. Ramil bunu bacardı. Ümid edirəm ki, digər idmançılarımız da qələbə qazanar”.

Ə.Yıldırım bəyan edib ki, Ramilin uğuru basketbol üzrə Avropa çempionu olan komandanın uğuruna bərabərdir, hətta ondan artıqdır: “Ramilin qələbəsinə görə Azərbaycan dövlətinə də təşəkkür etmək lazımdır. Ramil bu gün bir millət, iki dövlətin idmançısı olaraq bu qələbəni qazandı”.






Kənan Məmmədov
AzVision.az

Teqlər: Ramil   Atlet    




Rubrikanın digər yazıları