Azərbaycanlı qumarbaz dünya şöhrətli qrossmeysteri necə udmuşdu – KRİMİNAL TARİXÇƏ

Azərbaycanlı qumarbaz dünya şöhrətli qrossmeysteri necə udmuşdu – KRİMİNAL TARİXÇƏ
  10 Avqust 2017    Oxunub:51128
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

“Qumarbazın məqsədi və işi bizlər üçün ağlagəlməz görünən məbləğdə pullar udmaqdır. Harada çirkli pullar var, orda qan-qada, ölüm təhlükəsi əksik olmur”. Bu sözləri həmişə özünü “Tuz Zülfüqar” adı ilə təqdim edən məşhur qumarbaz deyir. Şəkidə isə onu “Zıvıx”, yəni “yekə”, “möhtəşəm”, ayaması ilə tanıyırdılar.
"Tuz Zülfüqar"ın söhbətlərindən:

- Peşəmiz belədir ki, bütün ömrünü yollarda, başqa-başqa şəhərlərdə keçirəsən gərək. Bir məkanda çox dayanmaq olmaz. Biz də bir şəhərdə uzaqbaşı on-on beş gün qala bilirik. Buradan vurub uzaq bir şəhərə gedirsənsə, gərək orada “nakolka” verənin ola, sənə “hərif” tapmaqda kimsə köməklik göstərə. Mənim ömrüm keçmiş SSRİ-nin şəhərlərində keçib. Demək olar ki, gəzmədiyim respublika, ayaq basmadığım şəhər qalmayıb, Kalininqraddan tutmuş Uzaq Şərqdəki Naxodkaya qədər. Hamısı da azart, eşq macəraları, bir-birindən maraqlı hadisələr... Elə səfərlərim olub ki, iyirmi beş, otuz min rublla qayıtmışam. O vaxtlar buna İki "Qaz-24" almaq olardı.

Kimlər olmayıb tərəf-müqabillərim... İstər qazamatda olsun, istərsə də volyada, bəxtim çox vaxt gətirib, udmuşam. Uduzduğum vaxtlar da az olmayıb, amma daralmamışam. Bir dəfə Minskdə “Piramida” klikuxalı Beşennıy Kolyaya otuz üç min dollar uduzdum! Son sentə qədər soyundurdu məni...Kentim yaxşı da bilyard ustası idi...Piramida... Moskvada Lyonya Zavadski, Amiran Kvantrişvili, Rostovski Mişa, çeçen Süleymenov və başqa blef ustalarıyla “İnturist” mehmanxanasında yerləşən kazinoda “blek cek” –“21” oynamışıq. Orada oturduğum kruqdan çox vaxt yaxşı əhval-ruhiyyə ilə qalxardım – təxminən 60:40...

Şəkidə də uduzduğum vaxtlar çox olub. Rəqib oyundaşlarım – Avtobaza Qorxmaz, TFZ Uşəng, Dıqılı Kamil, Soyuqbulaq Aydın, Tolik Bakinski, Dağlı Baləli, Jora Cavanşir, Çornıy Vanik, Çolaq Böyükağa... və sair sovet milyonçuları olardı. Azərbaycanda qumar kruquna oturmağa özümə qadağa qoysam da, papiros kimi onu da tərgidə bilmirdim. Bu uşaqlar maqnit kimi çəkirdilər məni. Gedirdim Rusiyaya, Ukraynaya, Qazaxıstana, Özbəkistana, yaxşıca kuşla dönürdüm Şəkiyə. Arı şəkərə daraşan kimi, səhəri gün Qorxmaz, Uşəng kəsdirirdilər evimin kandarını...

- Bəs nə üçün bu gün keçmişdə qazandıqlarının müqabilində çox kasıb dolanırsan, həmin pullardan dar günə heç nə atmamısan?

- Sənə bir lətifə danışım. Bir gün Şah Abbas əyanlarına təğyiri-libas olub, tabeliyindəki insanların yaşayış səviyyəsini öyrənmək üçün səfərə çıxacaqlarını bildirir. Axşamadək bir neçə kəndi gəzib-dolaşdıqdan sonra yorulmuş halda uzaqda görünən, damından tüstü çıxan daxmaya yetişirlər. Bir qoca uçuq komanın qarşısında əyləşərək ocağa atmaq üçün çır-çırpı hazırlayırdı. Yan tərəfində isə dörd ədəd iri nərdtaxta zəri şeş-qoşa vəziyyətində sıraya düzülmüşdü.
Şah Abbas:
- Ağsaqqal, bu nə gün-güzərandır, bəyəm sənin əyninə geyinməyə libasın yoxmudur? – soruşur.
- Qibleyi-aləm, bir vaxtlar mənim at ilxıarım, qoyun sürülərim, taxıl zəmilərim vardı...
- Əlindən alıblarmı, qoca? Oğurlayıblarmı?
- Xeyir, özüm əlimlə vermişəm, mənim ağam...
- Başa düşmədim...
- Qumarda uduzmuşam.
- Bacarmadığı işi görəndə, insan həmişə uduzur, - Padişah vəzirinə göz vuraraq, gülümsünür.
Qoca kinayə ilə gülümsünür, yanındakı zərləri ovuclayıb, damın üstünə tullayaraq:
- İkisi şeş, biri çahar, biri isə düdür, hamısı cüt. İnanmırsansa qoy xəzinədar dama çıxıb yoxlasın, – deyir.
Bir an sonra damdan xəzinədarın səsi eşidilir:
- Qocanın dediyi kimidir, qibleyi-aləm.
Qoca ikinci, üçüncü dəfə də zərləri damın üstünə atır və hər dəfə onun dedikləri fal çıxır.
- Sən ki, belə zər atansan, nə əcəb uduzmusan? – soruşur hökmdar.
- Qumarda gərək nüfuzedici gözlərin, cəld-işlək barmaqların, çevik ağlın olsun. Mən ahıl yaşlarımda cavanlarla yarışa girdim, oyun zamanı mürgülədim və gözümü açanda dörd zərin hamısının şeş oturduğunu gördüm... uduzdum... “Çələklə gələn, küləklə gedər”, mənim Padişahım, - qoca əba əvəzinə üstünə saldığı mələfəyə bərk-bərk bürünərək, təzim edir.

- Maraqlı əhvalatlardan birini danışın...

- Günlərin birində Kalininqrad şəhərinə gedib çıxmışam, Svetloqorsk istirahət mərkəzinə... “Meymun” Nadiri də özümlə götürmüşdüm. Axır ki, iki gürcü qumarbaz tapdıq, kempinqdə məskunlaşmışdılar. Gedib bir otaqda əyləşmişik, bir tərəfdə şansonetkalar rəqs edir, qaraçı mahnılar oxuyur, bir tərəfdə də qızğın qumar gedir, soyuq şampan şərabı, qretveyn, balzam... Naparnikim möhkəmcə içmişdi, lül-qənbərdi. Yoldaşı belə vəziyyətdə özünə həyan olmağa aparırsan. Çünki böyük pul var ortada, hər şey ola bilər. Yenicə oyuna başlayan kimi gördüm gürcülərdən Amiran adlı biri düzgün oyunçudur. O birisini, Lyonkanı elə-belə gətirib özüylə. Mənsə hələ ki, buna dədəboyu verirəm.



Əvvəlcə, birinci kruqda xeyli pul uduzmuşdum. Amma artıq iri kartları tanıyır, düzümü başa düşürdüm. “Pioner” oynayırdıq. Mən hələ ki blef gedirəm, özümü xam göstərirəm. Axır elə bir vəziyyət yarandı ki, məndə on səkkiz xal var, gürcüdə on dörd. Onun əlini əzbər bilirəm. Ancaq axı o da oyunçudur, bilir ki, məndə də elə bir xal yoxdur. Bu on dörd xalnan "xox" gəlib, bankı vurur ki, mən qaçım. Hərif deyiləm axı. Bundan əvvəl dəfələrlə on yeddiylə, onun on doqquzuna bilə-bilə kalan pullar buraxmışam. İndi də on səkkiz xalla bankına gedəndə, gürcü vəziyyəti başa düşdü. Ancaq daha gec idi.

Pulları bir LM selofan torbasına yığdım. Allah bilir on beş mindi, iyirmi mindi. Bir sözlə, qəpiyi də qalmayıb Amiranın. Amma gürcü çox mərd adamdı. Dediyim kimi, onlar iki zırpı adam, mənsə... Yoldaşımın heç məni öldürsələr də, xəbəri olmayacaq, yatır, özüm də tək - neyləyə bilərəm?! Amma gürcü ayağa qalxıb, əlini uzadaraq:
- Bratışka, tı prosto molodets. No skaji çestno, ya ne v tu adres popal pomoemu da?
Mən də özümü bilməməzliyə qoymuşam "nə adres, mən heç nə başa düşə bilmirəm" - cavab verdim.
Gürcü əlimi sıxaraq:
- Net, bratişka, davay tı ne izdevaysya nadomnoyu. Skaji, çto ya ne tuda popal. No idi, molodets tebe. Tı nastoyaşiy şuler, - dedi.

Udduğum pullala onlara qaldığım mehmanxananın restoranında yaxşıca qonaqlıq verdim, dostlaşdıq Amiranla. Söhbət əsnasında bildim ki, Moskvada xodgedənlərdən biridir – vor zakondur.

Mehribançılıqla həmin gürcülərdən ayrıldıq. Ancaq sonralar onların mənə çox köməkliyi dəydi. Dəfələrlə Amiranın dəvətilə Moskvaya, Leninqrada, Riqaya, Kalininqrada qayıtdım. Hər gedişimdə də yaxşı pullu oyunçular yığıb gətirərdi. Qayda belədi də, gedib deyir ki, bəs Azərbaycandan bir hərif gəlib, getdik onu yolmağa. Gəlirlər, otururduq qumara, axırda da hamısı didilmiş cücə kimi qanadıqırıq, yoluq qayıdırdılar geri.

Səksəninci illərdə Moskvada çeçen Suleymanov, gürcü Otari – Amiran qardaşları, yəhudi Lençik qumarın biliciləri, asları sayılırdılar. Onların da hər biri ilə oturmuşam kruqa və çox vaxt uduşla ayağa qalxmışam.

Pyatiqorskdan bir erməni vardı – Tiqran adında, “General” Rudikin bandasında qumar bilicisi kimi ad çıxarmışdı və mübahisəli kart razborkalarında onun sözü qanun sayılırdı. Rudik Bakinskiyə görə heç kim onunla konfliktə girmək istəmirdi. Bakıdan, Zavaqzalnıdan dörd-beş nəfər erməni matəmadi olaraq Soçidə, Truskovetsdə, Gelenjikdə və Türkmənistanın Firuzə şəhərlərində lopux axtarardılar. 80-ci ilin yayında SSRİ-nin meqapolislərində məşhur oğruları, şulerləri, şipaçları olimpiadaya gələcək xariciləri incitməsinlər deyə, şərləyib saxlayır, qısa müddətlik – bir iki ay, olimpiada başa çatanadək - istintaq altında saxlayırdılar. Hadisələrin belə cərəyan edəcəyini mənə Riqada milis bölməsində mayor vəzifəsində çalışan şəkili “Qara” Mamed xəbər vermiş və mümkün qədər şərqə tərəf uzaqlaşmağı məsləhət görmüşdü.

Elə həmin gecə Riqanı tərk etdik. İki gün əvvəl “Dauqava” mehmanxanasında yerli qumarbazlardan “21” oynamaqla altıca min rubl qapazlamışdım. Afyor Sadiqlə Aşqabaddan təxminən iyirmi km aralıda yerləşən Firuzə şəhərciyinə gəldik. Ötən il burada özbək kart biliciləri ilə yaxşıca oturmuşduq və Bakıya “09”-la qayıtmışdım.

Şahmat üzrə beynəlxalq turnir keçirilirdi Firuzədə... Polşadan, Macarıstandan, Bolqarıstandan, Moskvadan, Kiyevdən, Bakıdan, Riqadan yeniyetmələr arasında yarış idi. Moskvadan SSRİ komsomol komitəsinin katibi Bıxovski, hakimlər kollegiyasının sədri M.Yudoviç, dünya çempionu Mixail Tal, Leninqraddan Livşis, Bakıdan Aslanov, Tiflisdən Qaprindaşvili..., bir sözlə, şahmat elitasının qaymaqları toplaşmışdı balaca Firuzəyə. Kriminal aləmin xodgedənləri daha çox idi burada. Hamısı şıq geyimli, cibləri dolu, üzügülər.

Mən Aslanov və Talla ünsiyyət qurmuşdum və hər ikisi yaxşıca yeyib – içmək həvəskarı idi. Hər axşam mehmanxananın həyətindəki çarhövüzün yanındakı kababxanaya yığışaraq xeyli oturardıq və haqq-hesabı da Afyor Sadiqlə mən ödəyərdim. Tanışlığımızın dördüncü, yaxud beşinci günü kababxanaya gələndə gördüm ki, Afyorla Tal pivə sümürə-sümürə “duraka” oynayırlar və hesab artıq, təəccüblü də olsa, qrossmeysterin xeyirinə 3:1 dir.


(Mixail Tal)

- Pivədən oynayırıq,- deyə Tal sevinclə dilləndi,- götür bir dadına bax, dünyada bundan yaxşı pivə tanımıram. Mən Almaniyada, Münhendə də olmuşam, “Bavariya” “Rijski” ilə müqayisədə mizerdir.

Tal hesabı dörd qələbəyə çatdırdı və kartları toplayaraq Sadiqin qarşısına tulladı.
- Gəl, indi də üç şiş kababdan oynayaq,- Afyor sakitcə dilləndi.
- Razıyam, üç şiş kababın qiyməti bir manat iyirmi qəpikdir, eləmi?

Sadiq kababı, “Pşeniçnaya” arağı və pivə üçün quru balıq partiyalarını uddu. Artıq hesab 4:4 idi. Bu vaxt Aslanov da pörtmüş, tərləmiş halda özünü bizə yetirdi, pivə butılkalarını boş görərək bufetə sarı yollandı.

- Bugünkü məclisimizin tam hesabından, həlledici partiya oynayırıq, - Sadiq mızıldandı. – Məclisimizin əsas hissəsi hələ bundan sonra başlayacaq.

Dünya çempionunun əlləri xəfifcə titrəyirdi, qulaqları əsəbdən qızarmışdı...

(Ardı var)



Teqlər: #Qumarbaz   #Kriminal-dünya  





Xəbər lenti