Ermənilərin yaraladığı Raminin atası: “Nə vaxtadək haqsızlığa göz yumacaqlar!?”

Ermənilərin yaraladığı Raminin atası: “Nə vaxtadək haqsızlığa göz yumacaqlar!?”
  10 Avqust 2017    Oxunub:1986
Xəbər verdiyimiz kimi, avqustun 7-də Ermənistan silahlı bölmələri tərəfindən Tovuzun Qaralar kəndi iriçaplı silahlardan atəşə tutulub. Nəticədə kənd sakini 13 yaşlı Yusifov Ramin Sabir oğlu yaralanıb.
Raminin atası Sabir Yusifov AzərTAc-ın müxbiri ilə söhbətində deyib: “Bizim kənd Ermənistanın Berd rayonu ilə sərhəddə yerləşir. Evimiz isə mənfur qonşularımızın döyüş postunun yaxınlığındadır. Kəndimiz, xüsusilə dinc sakinlər tez-tez atəşə məruz qalır. Ermənilərin növbəti təxribatı nəticəsində oğlum Ramil ayağından yaralandı. Sağ olsun həkimlərimiz oğluma lazımi tibbi yardım göstərdilər, ayağındakı qəlpələri təmizlədilər”.

O qeyd edib ki, erməni hərbçiləri dinc sakinləri, xüsusilə uşaqları hədəfə alırlar: “Onların məqsədi bizi doğma torpağımızdan didərgin etməkdir. Ancaq bu mənfur məqsədlərinə çatmayacaqlar. Çünki bizi Azərbaycan Ordusu qoruyur. Onlar Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən çəkindikləri üçün, kəndi atəşə tuturlar. Lakin ordumuz cavablarını layiqincə verir”, - deyə Raminin atası bildirib.

Ermənilərin atəşkəsi tez-tez pozması kənd sakinlərinin təsərrüfat işlərini görmələrinə də mane olur. Hətta sakinlərin evlərinə, mal-qaralarına da ziyan dəyir. Sabir Yusifov beynəlxalq təşkilatları buna göz yummamağa çağırıb. “Bir ay əvvəl, iyulun 4-də ermənilər Füzuli rayonunun Alxanlı kəndini də ağır silahlardan məqsədli şəkildə atəşə tutmuşdu. Nəticədə 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilmişdi. Digər sakin, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanmışdı. Bu dəfə isə mənim oğlum hədəf oldu. Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?”, - deyə Sabir Yusifov haqlı iradını bildirib.



AzVision.az




Teqlər: Tovuz   Qaralar  





Xəbər lenti