Azərbaycan tamaşası Bolqarıstan səhnəsində

Azərbaycan tamaşası Bolqarıstan səhnəsində
  10 Avqust 2017    Oxunub:2466
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nümayəndələri ölkəmizi ilk dəfə olaraq Bolqarıstanın Varna şəhərində keçirilən “Ulduzlara doğru” (Ad Astra) Beynəlxalq Monodram Teatr Festivalında təmsil ediblər.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, festival UNESCO nəzdində Beynəlxalq Teatr İnstitutunun himayəsi altında Varna bələdiyyəsinin dəstəyi ilə hər il Varna şəhərində keçirilir.

“Ulduzlara doğru” (Ad Astra) Festivalı Bolqarıstanda monodrama həsr olunan ilk beynəlxalq festivaldır. Festivalın məqsədi görkəmli yerli və beynəlxalq teatr xadimlərini bir araya gətirməkdir. İndiyədək festivalda Danimarka, Polşa, Gürcüstan və digər ölkələrdən teatr nümayəndələri iştirak ediblər.

Festivalın Azərbaycana həsr olunan 6-cı günündə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ayşad Məmmədovun ssenari müəllifi olduğu ”İuda” monopyesi səhnəyə qoyulub. Gecənin açılışında festivalın ənənəsinə uyğun olaraq Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tərəfindən festival təşkilatçıları və iştirakçılarına ünvanlanmış müraciət oxunub. Müraciətdə Azərbaycanda teatr inkişafının qədim tarixə malik olması barədə məlumat verilib.

Məktubda həmçinin 10 mart 1873-cü il tarixində bir qrup Azərbaycan ziyalısı tərəfindən M.F.Axundovun “Hekayəti Vəziri Xani Lənkərani” komediyasının səhnələşdirildiyi və həmin tarixin ölkəmizdə Milli Teatr günü kimi qeyd olunduğu bildirilib. Bunun ardınca Bakı və Azərbaycanın digər bölgələrində həvəskar aktyor truppalarının meydana gəldiyi və bu prosesin Azərbaycanda teatrın inkişafına təkan verdiyi vurğulanıb. Müraciətdə sözügedən festivalın Azərbaycanın zəngin mədəniyyətinin Bolqarıstan sənətsevərlərinə çatdırılmasında bir vəsilə olduğu vurğulanır və bu baxımdan təşkilatçılara dərin minnətdarlıq ifadə olunub.

Aktyor A.Məmmədovun çıxışı bolqar teatr sevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bolqarıstanın İvan Vazov adına Milli Teatrının direktoru Marius Donkinin iştirak etdiyi premyerada aktyor A.Məmmədov festivalın mükafat və diplomu ilə təltif edilib.

AzVision.az


Teqlər: Bolqarıstan   Tamaşa  





Xəbər lenti