Raket müharibəsi hər an başlaya bilər

Raket müharibəsi hər an başlaya bilər
  10 Avqust 2017    Oxunub:2100
ABŞ-ın Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) 20-yə yaxın hərbi obyektinə qabaqlayıcı zərbələrin endirilməsi ilə bağlı plan hazırlayıb.

Bu barədə NBC telekanalı hərbi mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, Amerika hərbçiləri mümkün bombardmanda B-1B Lancer təyyarələrindən istifadə etməyi nəzərdə tutur. Quam adasındakı Andersen hərbi bazasında 6 belə təyyarə var.
Mayın sonlarından etibarən hücumun imitasiyası məqsədilə 11 dəfə təlim uçuşları aparılıb. Hərbçilər telekanala bildiriblər ki, əgər həqiqətən ABŞ KXDR-ə zərbə endirməli olsa, əməliyyatda kosmik peyklər, pilotsuz uçuş aparatları, qırıcı və kəşfiyyatçı təyyarələrdən istifadə olunacaq. Əsasən raketlərin buraxılması üçün istifadə olunan meydançalar, sınaq kompleksləri və köməkçi binalar hədəf olaraq seçiləcək. Amerika kəşfiyyatı obyektlərin dəqiq yerləri haqqında məlumatlara malik olduğunu qeyd edib.

KXDR rəhbərliyi isə öz növbəsində ABŞ-ın Quam adasındakı hərbi obyektinə ağır zərbə endirəcəyini bəyan edib. Şimali Koreyanın KCNA agentliyinin məlumatına görə, Koreya Xalq Ordusunun komandanlığı avqustun ortalarında Quam adasına endiriləcək zərbənin planı üzərində işi başa çatdıracaq. Plana görə, Şimali Koreya hərbçiləri ABŞ hərbi bazasına orta mənzilli dörd “Hvason-12” ballistik raketini buraxmaq niyyətindədir. Qeyd olunur ki, raketlər Yaponiya üzərindən keçərək Quam adasının 30-40 km yaxınlığında suya düşməlidir. Rəsmi Pxenyan bu addımın ABŞ ordusunun Asiya və Sakit Okean regionunda qarşısının alınmasına yönəldiyini vurğulayıb. Eyni zamanda hərbi komandanlıq ABŞ Prezidenti Donald Trampın son bəyanatına da münasibət bildirib. Hərbi rəhbərlik dialoqun mümkün olmadığını, ona yalnız güc yolu ilə təsir etməyin mümkün olduğunu qeyd edib. (AzərTAc)

AzVision.az


Teqlər: ABŞ   Şimali-Koreya  





Xəbər lenti