Türkmənistan prezidentinin Bakı səfərindən gözləntilər - ŞƏRH

20:27   09 Avqust 2017    Oxunub: 1447

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycana rəsmi səfərə gəlib. İki gün davam edən səfər çərçivəsində Berdiməhəmmədov Bakıda bir sıra görüşlər keçirib, Azərbaycanla bağlı mühüm mesajlar verib. Azərbaycan və Türkmənistan prezidentləri çıxışlarında iki ölkə arasında münasibətlərin uğurlu inkişafından söz açıb, gələcəkdə əlaqələrin daha da möhkəmləndiriləcəyini bəyan ediblər.

Türkmənistan prezidentinin Azərbaycana səfərini AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirovin fikrincə, Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri göstərdi ki, Azərbaycanın yeritdiyi balanslı, çoxvektorlu, tarazlaşdırılmış siyasət öz bəhrəsini verir:

“Vaxtilə Türkmənistanla münasibətlərimizdə müəyyən gərginliklər var idi. Hətta o zaman səfirin geri çağırılması məsələsi gündəmə gəlmişdi. Lakin aparılan ardıcıl siyasət ona gətirib çıxardı ki, bu gün ikitərəfli münasibətlərin inkişafında dinamizim hiss olunmaqdadır. Türkmənistan prezdentinin Azərbaycana səfəri və səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə də birgə bəyannamə onu göstərir ki, artıq bu iki dövlət strateji tərəfdaşa çevrilir”.



E.Nəsirov qeyd edib ki, Türkmənistan prezidentinin səfəri strateji sahələr üzrə əlaqələrin inkişafı üçün yeni imkanlar açır: “Bu səfər ilk növbədə siyasi dialoqun daha da genişləndirilməsi, iqtisadi-ticarət əlaqələr, nəqliyyat sferası, kənd təsərrüfatı, energetikada, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Hər iki dövlətin başçısının mətbuata verdiyi bəyanatlarda qeyd olundu ki, münasibətlərin inkişafı bundan sonra daha da sürətlənəcək və imzalanmış birgə bəyannamə gələcək inkişafın istiqamətlərini müəyyən edir. Həmin istiqamətlər üzrə münasibətlərimizin inkişafı nəticə etibarı ilə bizim strateji tərəfdaşlığımızı möhkəmləndirir. Nəzərə alsaq ki, bu gün Xəzərin hüquqi statusu problemi öz həllini tapa bilməyib. İran və Türkmənistanın bu məsələdə fərqli mövqeyi nəticə etibarı ilə yekun sənədin imzalanmasına şərait yaratmayıb. Lakin Türkmənistan prezidentinin Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlərin geniş spektri və enerji sahəsində proseslərin diqqətdə saxlanılması onu göstərir ki, deməli, özlüyüdə bu səfər Xəzərin hüquqi statusuna dair məsələlərin həllinə də müsbət təsir göstərə bilər”.

Hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıdığını vurğulayan millət vəkili vurğulayıb ki, Türkmənistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində həlli xəttini dəstəkləyir:

“Bu, bizim üçün olduqca vacib məqamdır. Türkmənistan prezidentinin Azərbaycana səfəri bir daha nümayiş etdirdi ki, hər iki tərəf bir-birinə qarşılıqlı maraq dairəsində olan dövlətlərdir. Azərbaycan prezidenti İlham Əliyev xüsusi vurğuladı ki, Türkmənistanın neytrallıq siyasəti dünya ictimaiyyəti tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatı Türkmənistanın neytrallığı ilə bağlı iki il əvvəl qətnamə qəbul edib. Azərbaycan da o qətnamənin həmmüəllifi olub. Bütün bunlar deməyə əsas verir ki, Türkmənistan-Azərbaycan münasibətlərinin bu səfərdən sonra daha da sürətli inkişafı üçün imkanlar pəncərəsi açılacaq”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Türkmənistan    




Rubrikanın digər yazıları