Azərbaycanda 3 mindən çox göz xəstəsi növbə gözləyir

Azərbaycanda 3 mindən çox göz xəstəsi növbə gözləyir
  08 Avqust 2017    Oxunub:2216
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə hər gün müxtəlif patologiyalarla bağlı təxminən 500-ə yaxın xəstə müraciət edir.

Bu barədə AzVision.az-a Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Aytən Sultanova deyib.
O bildirib ki, həftə ərzində 150-dən çox xəstənin üzərində əməliyyatlar aparılır.

“Cərrahi müdaxilələrin əksəriyyətini katarakta diaqnozu təşkil edir. Mərkəzin Gəncə və Masallı filiallarında da yüksək ixtisaslı həkim-oftalmoloqlar fəaliyyət göstərir, müxtəlif cərrahi müdaxilələr edilir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən, müasir diaqnostik və cərrahi avadanlıqla tam təchiz edilmiş Səyyar Klinika hər ay ölkəmizin bir bölgəsinə ezam edilərək rayonda əhali arasında baxış keçirir, lazimi cərrahi əməliyyatlar icra edir. İki hissədən ibarət Səyyar Klinikada müayinə, diaqnostika bölümü və cərrahi blok fəaliyyət göstərir. Bir ezamiyyət müddətində təxminən 300-400 xəstəyə baxış keçirilir, 20-30 cərrahi müdaxilə edilir. Bundan əlavə Səyyar Klinika paytaxtın rayonlarına, eləcə də uşaq evləri və köçkünlərin yaşadığı düşərgələrə səfər edərək sakinlərə oftalmoloji xidmət göstərir”.

A.Sultanova bildirib ki, hazırda 3 mindən çox insan buynuz qişanın köçürülməsi ilə bağlı növbədədir. Onun sözlərinə görə, həmin xəstələrin sayı günbəgün artır.

“Buynuz qişanın köçürülməsi ilə bağlı xarici ölkələrlə danışıqlar aparırıq. Bizə lazım olan sayda buynuz qişa göndəriləcək. Hazırda ölkədə cəmi 5 cərraha bu əməliyyatı keçirməyə icazə verilib. Onlar həm bu Mərkəzdə, həm də Respublika Diaqnostika Mərkəzində bu əməliyyatı icra edəcəklər”.

Qeyd edək ki, 8 avqust 2004-cü ildən Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu bayram dünya şöhrətli oftalmoloq Svyatoslav Nikolayeviç Fyodorovun anadan olduğu gün ilə bağlıdır. Avqustun 8-də dünyanın bir çox ölkələrində göz həkimləri tərəfindən pulsuz müayinələr və əməliyyatlar həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)statistikalarına görə, dünya üzrə 285 milyona yaxın insan görmə funksiyasının pozulmasından əziyyət çəkir. Bu insanların 39 milyonu görmə funksiyasını tam itirib, 246 milyonu isə görmənin zəifləməsindən şikayət edir. Xüsusi olaraq qeyd olunur ki, görmə funksiyasını itirən insanların 82 faizi, 50-dən yuxarı yaş qrupuna daxildir və 285 milyon insandan, 19 milyonu uşaqlardır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Xəstə   Göz  





Xəbər lenti