Keçmiş MTN polkovnikinə 4 il həbs verildi

Keçmiş MTN polkovnikinə 4 il həbs verildi
  07 Avqust 2017    Oxunub:1362
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesə hakim Elbəy Allahverdiyev sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılmalıdır.

Dövlət ittihamçısı M.Əsgərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

AzVision.az


Teqlər: Məhkəmə   Hökm   MTN  





Xəbər lenti