Tanınmış alimlə vida mərasimi keçirilib

Tanınmış alimlə vida mərasimi keçirilib
  06 Avqust 2017    Oxunub:2890
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində vəfat edib.
Akademiklə vida mərasimi Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, şəhər ictimaiyyəti və mərhumun ailəsi iştirak edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov qeyd edib ki, Akademik S.R.Məmmədova bitki mühafizəsi, o cümlədən, entomologiya sahəsində hərtərəfli biliyə malik olan alimdir.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev deyib ki, Siddiqə Məmmədovanın vəfatı Azərbaycanın elmi ictimaiyyəti üçün ağır itkidir.

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, Akademik S.R. Məmmədova Azərbaycanda və xaricdə tanınmış alimdir. Bitki mühafizəsi sahəsindəki apardığı elmi işlərə görə, bitki mühafizəsi üzrə keçirilmiş VII Beynəlxalq konqresin böyük medalı və diplomu ilə təltif olunmuşdur. Entomoloqların Ümumittifaq, eləcə də Zaqafqaziya qurultaylarının dəfələrlə iştirakçısı olub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, yüksək ixtisaslı kadrların hazırlanması alimin daim diqqət mərkəzində olub. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanıb. 2 Elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri şəxsən özü olmuşdur.Hökumət alimin kənd təsərrüfat elmi qarşısındakı xidmətlərini layiqincə qiymətləndirib. Belə ki, 1967-ci ildə “Şərəf Nişanı”, 2 dəfə (1971,1978) “Qırmızı Əmək Bayrağı”, 2000-ci ildə müstəqil dövlətimizin “Şöhrət Orden”ləri ilə, 1967-ci ildə “Əməkdə İgidliyə Görə”, 1982-ci ildə “Əmək Veteranı” medalları ilə təltif olunub.

Sonra mərhumun ruhuna dualar oxunub və son mənzilə yola salınıb.

AzVision.az


Teqlər: Siddiqə-Məmmədova   Gəncə   Vida-mərasimi  





Xəbər lenti