Məşhurlar harada dincəlir? - Biri İsveçdə, digəri Mərdəkanda...

16:09   04 Avqust 2017    Oxunub: 29102

Yayın qızmar çağını yaşayırıq. Hamı istirahətə, dincəlməyə can atır. Kimi bağda, kimi də xaricdə dincəlir. Günlərlə gərgin rejimdə çalışan, gecəsini gündüzə qatıb filmə, seriala çəkilən, kliplər çəkdirən, tamaşada oynayan tanınmışlar harada istirahət edirlər?

AzVision.az tanınmış sənət adamları arasında sorğu keçirərək bu suala cavab tapmağa çalışıb.

Müğənni Almaz Ələsgərli hazırda İsveçdə olduğunu deyib: “Qızımın yanında dincəlirəm”.

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova isə vaxtını evdə keçirir: “Sentyabra qədər vaxt var. Hava isti olduğuna görə, evdən çıxa bilmirəm. Planımda hələlik heç nə yoxdur. İsti aylarda çətin olur. Günün altında gəzmək olmaz. Buna görə də evdə oluram. Beyin əməliyyatı keçirmişəm, mənə isti pis təsir edir”.

Aktyor, Xalq artisti Rafiq Əzimov öz bağında istirahət etdiyini söyləyib.

“Mərdəkanda bağ evimdə dincəlirəm. Buranın havası təmizdir. Bağda səhərlər ağacları sulayıram. Teatrda iş zamanı konkret qrafiki saxlaya bilmirəm. Amma iki aydır ki, dəqiqliyi ilə rejimimi qoruyuram, vaxtında yatıb, vaxtında dururam. Əsəblərimi qoruyuram. Səhər idmanımı edirəm, bağın içində gəzişirəm. Nəvələrim, gəlinim, oğlum yanımdadır”.

Müğənni Bilal Əliyev isə hələ də iş başındadır. “Tədbirlərə, toy məclislərinə görə, Bakıdan heç yana gedə bilmirəm. Bəlkə Məhərrəmlik ayında dincəldim”.

Əməkdar artist Baloğlan Əşrəfov Azərbayacanın rayonlarında və doğulduğu dədə- baba evində dincəldiyini bildirib.

Rejissor, Əməkdar artist Nicat Kazımov yayın sonuncu ayı olsa da, istirahətə yollanmayıb.

Aktyor Hacı İsmaylov hazırda Türkiyədə olduğunu deyib.

Xalq artisti Fuad Poladov da ölkə xaricindədir.

Aktyor Ramiz Məlikov isə gündəlik problemlərlə, qayğılarla məşğul olduğundan istirahətə gedə bilmədiyini deyib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Yay   İstirahət    




Rubrikanın digər yazıları