Prezident Qaxa səfər edib - Fotolar (Yenilənib)

Prezident Qaxa səfər edib - Fotolar (Yenilənib)
  03 Avqust 2017    Oxunub:6685
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, rayonun Fısdıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür. Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9,5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir.



Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli Sərəncamına əsasən inşa edilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə bu ərazidə yük və sərnişin daşınması xeyli yaxşılaşıb, yetişdirilən məhsulların rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranıb. Bu, kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yol boyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır.



Bu avtomobil yolu Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan kəndlərarası 40 avtomobil yolu layihəsindən biridir. Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına təsərrüfat barədə ətraflı məlumat verildi. Bildirildi ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.



Qeyd olundu ki, Qax rayonunda fındıqçılığın tarixi ənənələri var. Əhalinin böyük hissəsi bu təsərrüfatlarda çalışır. Son illər təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.



Prezident İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər nəticəsində bu sahədə böyük irəliləyişə nail olunub. Əhalidə ölkəyə ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə maraq daha da artıb. Mövcud imkanlarla kifayətlənməyən şəxsi təsərrüfat sahibləri yeni fındıq bağlarının salınmasına, fındıq pöhrələrinin alınıb becərilməsinə xüsusi maraq göstərirlər. Bunun nəticəsidir ki, indi ərazidə 1,4 və 1,5 hektar sahədə yeni fındıq bağları salınıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.



“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin əsaslı şəkildə yenidən qurulması uğurla və yüksək keyfiyyətlə aparılıb. Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29,8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb. Diqqətə çatdırıldı ki, iki hərəkət zolaqlı yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yol üzərində suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yerinin dəyişdirilməsi də yekunlaşdırılıb. Yol üzərində biraşırımlı dəmir-beton körpü və Süzgəncçay üzərində uzunluğu 46 metr olan ikiaşırımlı dəmir-beton körpü inşa edilib, dəmir-beton suötürücü boruların da quraşdırılması başa çatdırılıb. Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi layihəsi çərçivəsində 5 yeni körpünün inşası, bir körpünün əsaslı təmiri, suötürücü boruların quraşdırılması nəzərdə tutulub. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, əhatə dairəsinə, xüsusilə Qax və Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsinə nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək, həmçinin Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.



Prezident İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya məqsəd qoyulub. Qax rayonu bu baxımdan böyük potensiala malik bölgələrimizdən biridir. Bu sahənin inkişafında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Sərəncamı böyük əhəmiyyət kəsb edir. Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Bu da Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün atılan addımların təqdirəlayiq olduğunu göstərir.

Dövlətimizin başçısına məlumat verildi ki, sovet dövründə respublika üzrə tütün tədarükünün xeyli hissəsi Qax rayonunun payına düşürdü. Respublikada ən çox tütün tədarükü də həmin dövrə - 1986-cı ilə təsadüf edirdi. Hazırda yeni tütün təsərrüfatlarının salınması, tütünçülüyə dövlət qayğısının getdikcə artması bu sahədə çalışanlara stimul olub. Fermerlərlə bağlanan müqavilələrin sayı da bunu təsdiqləyir. Əgər ötən il fermerlər tərəfindən məntəqəyə 30 müraciət daxil olmuşdusa, indi bu göstərici 60-ı keçib. Bu il rayonda 6500-7000 ton yaşıl tütün tədarükü gözlənilir. Artıq məntəqədə tütün qəbuluna başlanıb. Yerli fermerlər müxtəlif tütün sortları yetişdirirlər. Üstünlük isə əsasən yüksək məhsuldarlığa malik Virciniya sortuna verilir. Sahələrdən toplanan yaşıl tütün məntəqəyə qəbul olunduqdan sonra buradakı 60 kamerada bir həftə ərzində qurudulur. Hazırda müəssisədə 90 nəfər işlə təmin olunub.

Tütünçülüyün inkişafına göstərilən diqqət onu deməyə əsas verir ki, yaxın perspektivdə istehsalı dəfələrlə artırmaq mümkün olacaq. Bu baxımdan satış bazarını tapmaq, ilk növbədə, daxili bazarı tam təmin etmək, sonrakı mərhələdə ixrac imkanlarını genişləndirmək hazırda qarşıda duran əsas vəzifədir. Bu məqsədlərə nail olmaq üçün dövlətimizin başçısı hökumət qarşısında ciddi tələblər qoyub. Çünki tütünçülük post-neft dövründə ölkə iqtisadiyyatının inkişafını təmin edə biləcək əsas sahələrdən sayılır. Ən azı daxili tələbatı yerli məhsul hesabına ödəməklə, idxaldan asılılığı aradan qaldırmaq mümkündür. Şübhə yoxdur ki, tezliklə tütün sektorunun Azərbaycan iqtisadiyyatında çəkisi ciddi şəkildə artacaq. Ölkəmiz tütünçülükdən böyük gəlirlər əldə edəcək, bu sahənin inkişafı həm də on minlərlə yeni iş yerinin yaranmasına səbəb olacaq.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qax  





Xəbər lenti