“Elə bil, bizi kimsə yatızdırdı...” – Mələyin öldürüldüyü evdən REPORTAJ (FOTOLAR)

“Elə bil, bizi kimsə yatızdırdı...” – Mələyin öldürüldüyü evdən REPORTAJ (FOTOLAR)
  03 Avqust 2017    Oxunub:83701
Xəbər verdiyimiz kimi, Lənkəranda 5 günlük körpə - Nuriyeva Mələk Şaiq qızı öldürülərək, quyuya atılıb. Darquba kəndində hadisə baş verən gecə, yəni iyulun 29-da evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Nuriyeva Atifə və digər yaxın qohumları olublar.

Anası körpəni yedizdirdikdən sonra yuxuya gedərkən uşaq beşikdən yoxa çıxıb. Sonra körpənin cansız bədəni həyətlərindəki üstü taxta və daşla bağlı olan 5 metrlik su quyusunda aşkar olunub. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində aparılan ekspertiza zamanı ölən körpənin bədənində qıyıq və sancaq dəlikləri müşahidə olunub.
Körpənin bədənində, döş qəfəsinin sol nahiyəsində isə tikiş iynəsi aşkar edilərək, çıxarılıb. Mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, bu ailədə əvvəllər də anormal hadisələr baş verib, körpənin atası Nurullayev Şaiq Muxtar oğlunun gözünə hansısa məxluqlar görünüb. Onun psixi durumunun tam yerində olmadığı bildirilir.

Körpənin ölümü ətrafında artıq bir neçə gündür ki, sensasion məlumat yayılır. Bildirilir ki, ailə üzvləri qız uşağı istəmədikləri üçün Mələyi öldürərək, quyuya atıblar. AzVision.az-ın əməkdaşı məsələni araşdırmaq üçün Lənkəranın Darquba kəndinə yollanıb.



Kənd sakinləri bizimlə söhbətlərində bildirdilər ki, bu hadisə təkcə Darqubanın yox, bütün ölkənin adına ləkə gətirən pis, qəddar əməldir: “Biz kənd sakinləri olaraq, bu hadisəni törədənlərin tezliklə öz cəzalarını alamlarını tələb edirik. Niyə axı bütün ölkə bu kəndi qız uşaqlarının düşməni kimi tanımalıdır? Bizim də evimizdə qız uşaqları böyüyür. Onlar da Allahın bir nemətidir. Bir ailədə törədilən vəhşiyi bütün kəndin adına yazmaq güzgün deyil”.



Sakinlərin sözlərinə görə, Nuriyevlər ailəsi uzun müddətdir ki, kənddə yaşayır: “Ailənin ağsaqqalı yaxşı insandır. Heç kiminlə mübahisəsini eşitməmişik. Hamımız şokdayıq. Qonşuları da polis idarəsinə aparıb, sorğu-sual edirlər”.

- Sizin kənddə hansısa paranormal hadisələr müşahidə olunubmu? Bəziləri məsələni bu tərəfə yönəltmək istəyirlər...

- Biz illərdir ki, bu kənddə yaşayırıq. Heç vaxt elə söz-söhbət eşitməmişik. Nə də ki, heç vaxt cin-şeytan görməmişik. Bunlar sadəcə olaraq, uyğurmadır. Əsas cinayətkarı tapmaq lazımdır. Uşağı özləri öldürüblər, günahı kənd camaatının, cinin-şeytanın boynuna atırlar. Əgər məlum olsa ki, o körpəni ailə üzvlərindən biri öldürüb, bütün kənd camaatı həmin şəxsi daş-qalaq edəcəyik. Bizim kəndimizə elə cinayətkarlar yaşaya bilməz. Onlar kəndin adına ləkə gətirirlər.



...Nuriyevlərin evinin qarşısında bizi ailənin böyüyü, Mələyin babası Muxtar Nuriyev qarşıladı. Çətinliklə də olsa, ailə üzvlərilə həmsöhbət olmağa çalışdıq. Səsləndirilən ifadələri və fikirləri olduğu kimi sizə təqdim edirik:

- Bizi bütün dövlət orqanları sorğu-sual ediblər. Oğlum, həyat yoldaşım, gəlinim hazırda polis idarəsindədirlər. Hələ heç kəsi həbs etməyiblər. Dünən Bakıdan da nümayəndə gəlib, məndən izahat aldı.



- Oğlunuzun psixoloji probemləri varmı?
- Xeyr. Bunların hamısı yalandır.

Bu zaman ailənin yeznəsi söhbətə müdaxilə edir:

Yıxılan ağacı baltalayarlar. Yalan söhbətlərdir. Amma cin-şeytan kimi söhbətlər doğru ola bilər. Çünki insan qorxan zaman gözünə hər şey görünə bilər.



Ailənin Bakıda yaşayan digər oğlu Camal da söhbətə qoşulur. Onlar da hadisə baş verən vaxt kənddə olublar. Onun həyat yoldaşı da polis idarəsində idi:

- Heç kim hadisə barədə dəqiq heç nə bilmir. Amma internetdə ailəmiz haqqında yalan məlumatlar yayılır. Heç nəyi araşdırmadan, bizə şər atırlar.



Muxtar Nuriyev yenidən söhbətə müdaxilə edir:

- Yalandan yazırlar ki, guya beş nəfər həbs olunub. Hələ heç kəsi həbs etməyiblər. Hazırda araşdırma gedir.

- Sizcə, hadisəni kim törədə bilər?
- Araşdırıb, günahkarı tapacaqlar.

- Doğulan körpə qız uşağı olduğuna görəmi onu öldürüblər?
Şaiqin qardaşı:

- Əgər o uşağı istəməsəydilər, abort etdirərdilər.
Ailənin yeznəsi:
- O uşağın doğulması üçün 7 min manata qədər pul xərcləyiblər. Uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.



- Düşünürsünüz ki, yad bir insan gəlib, sizin evdə nəvənizi öldürüb? Axı yazırlar kı, evinizin dəmir hasraları olduğu üçün yad insan girə bilməz...

- Gördüyünüz kimi, mənim evimin ətrafında heç bir dəmir hasar yoxdur, hər tərəf açıqdır... Yəni evə kənar şəxslər də daxil ola bilər. Kimsə bu evdəki mehribanlığı pozmaq istəyir. Bu hadisə çox da gizli qalmayacaq. Bir müddətən sonra hər şey üzə çıxacaq.

- Muxtar bəy, hadisə törədilən zaman siz harada idiniz?
- Mən izahatımda da qeyd etmişəm ki, hadisə törədilən zaman evdə olmamışam. Axırıncı dəfə evimdən ayın on ikisi çıxmışdım, 31-də qayıtmışam. Evə qayıdanda gördüm ki, həyətimizdə çoxlu insanlar var. Başıma toplaşdılar və olanları danışdılar. Özümü itirdim, təzyiqim qalxdı. Dərman qəbul etidkdən sonra özümə gəldim.



Evin yeznəsi:
- Biz Bakıda yaşayıq. Uşağın imtahanı idi. Xeyli pul xərcləyib, uşağı imtahana hazılaşdırmışdıq. İmtahanı verib, bura gəlmişdik. Heç nədən də xəbərimiz yoxdur. İndi isə hər gün polisə gedib-qayıdırıq.

- Kənddə ədavətdə olduğunuz insanlar varmı?
- Xeyr. Heç kəslə düşmənçiliyimiz yoxdur.



- Bir ata kimi oğlunuza, həyat yoldaşınıza günahkar olub-olmamaları ilə bağlı sual verinizmi?
- Axı kimin ürəyi gələr ki, körpənin başına belə bir oyun açsın?! Günahakarı tezliklə üzə çıxaracaqlar.

Evin digər oğlu Camal:
- Bu ailə çox mehribandır. Mümkün deyil ki, bu ailənin hansısa üzvü belə bir hadisə törətsin. 3-4 gündür ki, istintaq gedir. Mən artıq bu evin üzvlərindən şübhələnmirəm. Polisdən tələb edirəm ki, günahkarı tapsın.

- Kimdən şübhələnirsiniz?
Evin böyüyü Muxtar bəy:

- Mən bu kənddə heç kimdən şübhələnmirəm. Kiminsə xətrinə dəyə bilmərəm.



- O biri nəvənizə, yəni oğlunuz Şaiqin digər qızına münasibətiniz necədir?
- Yaxşıdır. Bu il nəvəm məktəbə gedəcək.

Söhbət edə-edə hadisə baş verən quyunun ətrafına yaxınlaşırıq.

- Bu iki daş nə vaxtdan quyunun üzərindədir? Bəs deyirlər ki, daşlar ağırdır və qadınların onu götürməyə gücü çatmaz?!..
- Lap əvvəldən bu daşları quyunun üstünə qoyurduq. Həyətdə körpə uşaqlar gəzir. Uşaqlar quyuya düşməsinlər deyə, ağzını bağlayıb bu iki daşı da üzərinə qoymuşuq. Mən hadisədən sonra bu quyuya yaxınlaşa bilmirəm. Ürəyim ağrıyıq, qəribə hisslər keçirirəm...



Evin digər oğlu Camal:
- İnternetdə yazıblar ki, guya qardaşım içkili olub və belə bir hadisəni törədib. Qardaşım Şaiq nə içki içir, nə də siqaret çəkir. Məni də qoymurdu.
Ekspert guya uşağı yarıb və bədənində iynə izləri aşkar edib. Niyə axı qandan, əl izlərindən götürülən nümunələri açıqlamırlar? Biz tələb edirik ki, günahkar tapılsın.

- Niyə axı məhz uşağın atasının ağlına gəlib ki, Mələk quyunun içindədir?
- Bu fikir uşağın atasının ağlına gəlməyib. 3 saata yaxın axtarış aparıblar. Birdən qonşu deyib ki, gedin, bir quyunun içinə də baxın...

- O qonşudan şübhələnirsinizmi?
- O da ifadə vermək üçün polis idarəsinə aparılıb.



- Bəs uşağın anası nə deyir?
- Gəlin də ağlayaraq, uşağını öldürənin tapılmasını istəyir. Onu da hər gün polisə aparırlar.

Bu zaman evin qızları - yəni körpə Mələyin bibiləri də söhbətə qoşulurlar.

- Bu kənddə qız uşaqlarına qarşı qəddar münasibət varmı?
- Biz də bu kəndin qızlarıyıq. Bura çox gözəl, qədim kənddir. Qızları da əxlaqlıdırlar. Heç bir pis münasibət yoxdur.



- Evin gəlinini qız doğduğuna görə incitmirdiniz ki?
-Anamız Arifə gəlinı qarşı çox yaxşıdır. Anamın uşaq üçün ürəyi gedir. Bütün kənd bu söhbətlərdən şoka düşüb. Görürüsünüz, həyətdə nə qədər qız uşağı var? Mənim bir qızım, bir oğlum var. Bacımın iki qızı var. Şaiqin də bir qızı var. Hamısını da çox istəyirik. Qız uşağı da Allahın bir payıdır. Qız uşağını axı necə istəməmək olar? Qardaşımız Şaiq elə bir qızı ilə nəfəs alırdı. Anamız bütün nəvələrinə qarşı yaxşı olub. Bu hadisə isə isə sirrlərlə doludur. Nə qədər düşünsək də, heç kimdən şübhələnə bilmirik.

- Uşaq sağlam idimi?
- Çox gözəl, sağlam uşaq idi. Adı kimi özü də Mələk idi. Onu quyuya atanın, ürəyinə iynə batıranın Allah ürəyinə od salsın.



Uşağın anası Valiyə Nuriyeva da bizimlə söhbətində heç kimdən şübhələnə bilmədiklərini dedi:
- Bütün ailə üzvlərimizi uşağı öldürməkdə ittiham edirlər. İnternetdə ən çox qeyd edirlər ki, ata, ana və qaynana günahkar ola bilər. Qayınanam mənə ana kimidir. Bütün varını, pulunu mənə xərcləyib. Heç kəs evində oturub, fikir söyləməsin. Kəndi də araşdırsınlar. Həkimlərimdən də soruşa bilərlər. Məni bütün həkimlərə qayınanam aparıb. Həkimlərə yalvarırdı ki, bətimidə olan uşağı yaşatsınlar.
(Valiyə Nuriyeva xəstəxanda olması ilə bağlı xeyli sayda sənədləri bizə təqdim etdi.)

- Həyat yoldaşınızdan şübhələnirsinizmi?



- Ata balasını öldürə bilməz. Biz onunla üç il nişanlı qalmışıq. Yeddi ildir evliyik. Sevərək ailə həyatı qurmuşuq. Axı necə ola bilər ki, o, uşağımızı öldürsün?

- Sizdən də şübhələnənlər var...
- Ana öz uşağını necə öldürə bilər?! Onu zülmlə dünyaya gətirmişdim. Övlada bir şey olanda ananın canı yanır. Həkim demişdi ki, hamiləlik zamanı çox tərpənmə. Qarnımı əlimlə tuta-tuta güclə gəzirdim ki, uşağa heç nə olmasın...

- Bəs bu uşağı kim öldürə bilərdi?
- Mən ailənin üzvlərindən şübhələnmirəm.



- Niyə? Bəlkə sizi qorxudurlar?
- Ona görə ki, biz bir ailəyik. Hamımız sevinə-sevinə, dəm-dəsgahla uşağımı xəstəxanadan evə gətirdik. Mənim qaynanam xalamdır. Həyat yoldaşım da xalam oğludur. Yad deyillər ki...

- Uşağınız yanınızda ola-ola ona kim iynə batıra bilərdi?
- Uşağa iynə batırılanda ən azından səs çıxarar, ağlayardı. Ya da bunu kimsə düşməncəsinə həyətdə edib, sonra da quyuya atıb. Amma evin içində bunu etmək qeyri-mümkündür.

- Həyat yoldaşınız qız uşaqları dünyaya gətirtdiyinizə görə sizə heç təzyiq edirdimi?
- Xeyr. Uşağın 3 ayında qız olduğunu öyrənmişdik. Problemim olmuşdu. Müalicəm üçün xeyli pullar xərclədi. Uşağımı sevinə-sevinə dünyaya gətirmişəm.



- Qaynınızın yoldaşını da polis idarəsinə aparıblar. Ondan şübhələnirsinizmi?
- O, mənim bacımdır. Mənim qulluğumda dururdu. Hər işimdə kömək edirdi. Mən onun yolunda başımı qoyaram. O, heç vax mənim uşağımı öldürə bilməz.

- Həyat yoldaşınız ruhi xəstə deyil ki?
- Xeyr. Bu haqda yazılanlar yalandır. Əgər həyat yoldaşım ruhi xəstə idisə, bu illər ərzində mən necə bunu görməyə bilərdim?



Valiyə Nuriyevanın anası, yəni körpə Mələyin nənəsi Nüşabə xanım Dağıstanda imiş, bir həftəliyə gəlib ki, qızının yanında olsun:

- Sevinclə gəlmişdim. Nəvəm üçün xonça da bəzəyib, gətimişəm. Uşağın adını da mən Mələk qoymuşam. O, Allahın bir Mələyi idi. Özü də Mələk kimi bir uşaq idi. Qızım birinci uşağını dünyaya gətirən zaman mən onun yanında ola bilməmişdim. Bu dəfə isə mənə zəng vurmuşdu ki, ana, əməliyyata gedirəm, gəl, yanımda ol. Biz bacımla, yəni qızımın qayınansı ilə həmişə yaxşı münasibətdə olmuşuq. Onu çox istəmişəm və qızımı da onlara gəlin vermişəm. O, mənim böyük bacımdır.



- Həmin gecə nə baş vermişdi?
- Elə bil, bizi kimsə yatızdırdı. İki gecə bacımla birlikdə balamın yanında yatmışıq. 3-cü gecə, yəni hadisə baş verən axşam bacımla qapı-qapıya yatmışıq. Yəni bu otaqda mən, o birisində isə bacım yatıb. Bacımın da, mənim də yatdığımız otaqların pəncərəsi açıq olub. (Açıq pəncərələri bizə göstərir və oradan kiminsə içəri daxil ola biləcəyinə eyham vurur.)



Elə istəyirdim ki, oyanım, amma oyana bilmirdim. Sanki sərxoş kimi idim. Gecə saat 2-3 arasında durduq, uşağa ana südü verdik. Yedirib, “kolyaska”ya qoyduq. Yatdım və bir də səhər 6 tamamda oyandım. Birdən evin gəlini yanıma gəldi və soruşdu ki, uşaq hanı? Gördüm ki, uşaq yoxdur. Dedim, bəlkə o biri nənəsi uşağı yanına aparıb. Getdik gördük ki, uşaq orada da yoxdur. Həyətə düşüb, evin hər tərəfini gəzdik. Elə bir yer qalmadı ki, baxmayaq. Birdən səs eşidik ki, qonşu gəlin quyunun ağzını açıb, qışqırır. Gedib gördük ki, uşaq quyunun içindədir.





















Hafiz Əhmədov
AzVision.az




Teqlər: Lənkəran   Uşaq-ölümü   Mələk   Cinayət  





Xəbər lenti