II Dünya Soyuq Müharibəsi – TƏHLİL

II Dünya Soyuq Müharibəsi – TƏHLİL
  02 Avqust 2017    Oxunub:21729
ABŞ ilə Rusiya arasındakı “sanksiya müharibəsi” xeyli gərginləşərək, “soyuq savaş”dan sonrakı dövrdə - yəni az qala son 30 ildə ən yüksək həddinə çatıb. Amma ən təhlükəlisi odur ki, zərbələr təkcə iqtisadi və diplomatik sferalarda endirilmir. Vaşinqton geosiyasi müstəvidə də aktiv şəkildə Rusiyanın mövqelərinə doğru güclü hücuma keçib.
Konqressin və Senatın sanksiyalar layihəsini gündəmə gətirərək, demək olar ki, yekdilliklə dəstəkləməsi prosesin ancaq bir tərəfi idi. Buna paralel olaraq, hansı hadisələrin baş verdiyinə diqqət yetirəndə, prosesin nə qədər təhlükəli olduğu üzə çıxır.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Avropa turnesi çərçivəsində Estoniya, Monteneqro və Gürcüstana səfərlər etdi. Monteneqro ilə ABŞ-ın diplomatik münasibətlərinin 100 ildən çox tarixi olsa da, indiyə qədər ora vitse-prezident səviyyəsində bir fiqur səfər ertməmişdi. Bəs indi bu ehtiyac nədən yaranıb? Səbəb sadədir: Monteneqronun vasitəsilə NATO və demək ABŞ, yenidən vaxtilə kənarlaşdığı Balkanlara qayıdır.

Baş verənlər onu göstərir ki, indiyə qədər Şimali Atlantika Alyansını “vaxtı keçmiş struktur” adlandıran, “lazımsız” hesab edən Trampın adminstrasiyası bu yanaşmanı 180 dərəcə dəyişərək, Rusiyaya qarşı 3 cinahda – Pribaltikada, Balkanda və Güney Qafqazda NATO-nun möhkəmlənməsi üçün addımlar atmağa başlayıb. Bura Ukraynaya Amerika raketlərinin veriləcəyi haqqında xəbərləri də əlavə edəndə, mənzərə tamamlanır.

Mayk Pensin Tiflisdə olarkən dediyi bu sözlər səfərin məqsədini açıq şəkildə ortaya qoyur: “Prezident Tramp məni Estoniyaya, Monteneqroya və Gürcüstana göndərməklə açıq siqnal vermək istəyib: Rusiyanın bu ölkələrin sərhədlərinə qoşun yığdığı bir vaxtda ABŞ onları tək qoymayacaq”. Kifayət qədər aqressiv və sərt bəyanatdır. Həm də ona görə ki, Rusiya həmin ölkələrin sərhədinə qoşun yığmır, əksinə: ABŞ Pribaltikada və Gürcüstanda birgə hərbi təlimlər keçirir!

Pensin Gürcüstana səfərinin məhz 2008-ci ildə baş verən və “Beşgünlük müharibə” adı ilə tarixə düşən hərbi əməliyyatların ildönümü ərəfəsində baş tutması da, əlbəttə ki, təsadüfi deyildi. Rusiyanı “Ukraynada sabitliyi pozmaqda” və “Terrorçu İrana dəstək verməkdə” ittiham edən bəyanatların məhz Tiflisdə səslənməsi, həmçinin, ciddi rəmzi anlam daşıyır. Başqa bir simvolik məqam isə Mayk Pensin “Layiqli tərəfdaş – 2017” adlanan Amerika-Gürcüstan birgə hərbi təlimlərində iştirak edən hərbçilərlə görüşməsi idi. Bu, açıq-aşkar şəkildə Rusiyanın “qulağının dibində” ona meydan oxumaqdır.

Göründüyü kimi, Rusiyaya qarşı hücum təkcə iqtisadi və diplomatik sferalarda deyil; sanksiyaların tətbiqi məsələnin ancaq bir tərəfidir. Təzyiqlər isə geosiyasi və hərbi müstəvilər də daxil olmaqla, kompleks xarakter daşıyır. Yəni faktiki olaraq, Rusiyaya qarşı hərtərəfli, ciddi bir hücum başlayıb. Belə vəziyyətdə Rusiya ən azı özünüqoruma instinkti baxımından hansısa cavab gedişləri etməyə məhkum və məcburdur. Ona görə də, hazırda əsas sual budur: Rusiya nə edəcək?

Di gəl, məsələ ondadır ki, Rusiyanın özünə qarşı olan hücumlara simmetrik cavab vermək üçün heç bir anoloji imkanı yoxdur. İqtisadi sanksiyalara qarşı praktik olaraq, heç nə edə bilmir. İki ölkənin arasında ticarət dövriyyəsinin həcmi 20 milyard dollardır ki, bu da ümumi miqyası götürəndə, çox azdır. Amerikanın Rusiya neftindən, qazından, əlvan metallarından heç bir asılacağı yoxdur. Moskvanın maksimum təsirli addımı ABŞ-a uran satışını dayandırmaq ola bilər ki, bunu da kompensasiya etmək üçün amerikalıların alternativ yolları var. Qalan heç bir cavab zərbəsi nəinki effektiv, ümumiyyətlə, zərbə sayıla bilməz. 700-ə yaxın amerikalı diplomatı ölkədən çıxarmaq və Amerika səfirliyinin istifadə etdiyi binalardan birini əlindən almaq bu qədər güclü hücumun qabağında alternativ cavab yox, sadəcə, öz sifətini saxlamaq cəhdidir.

Hazırda Rusiya qat-qat güclü rəqib tərəfindən rinqin küncünə sıxışdırılan və dalbadal zərbələr alan aciz boksçunu xatırladır. Nokdauna düşmək ancaq vaxt məsələsidir. Ona görə də, vəziyyətdən çıxmaq üçün mütləq hansısa cavab zərbələri olmalıdır. Bu, Rusiya üçün ölüm-qalım məsələsi də sayıla bilər.

Geosiyasətin öz oyun qaydaları var: Əgər simmetrik cavab zərbəsi endirmək olmursa, asimmetrik variantlara baxılmalıdır. Yəni əgər Rusiya birbaşa ABŞ-a heç nə edə bilmirsə, onun maraqlarına dolayısı ilə zərbələr vurmağa çalışacaq. Praktikada bu, ABŞ-ın müttəfiqləri və onun planlarında yer alan geosiyası aktorlara qarşı addımların atılması deməkdir.

Bu proses istər-istəməz MDB məkanında da özünü göstərəcək. Xüsusilə də yeni qarşıdurmanın cinahlarından biri olan Güney Qafqazda. Qarşıdakı dövrdə Rusiya ilə Gürcüstanın münasibətlərinin yenidən son dərəcə gərginləşməsi qaçılmazdır. Məsələ NATO-Rusiya qarşıdurması şəklində qoyulduğundan, Türkiyənin manevr imkanları çox olmayacaq. Sanksiyalarla bağlı qanun elə tərtib olunub ki, Rusiya istər-istəməz İranla eyni komandada oynamağa məcbur edilir.

Buradan Yaxın Şərqdəki hadisələrlə bağlı paralellər də üzə çıxır. Birdən-birə Rusiyaya qarşı bu qədər geniş hücumun məqsədi nə ola bilər? İstisna deyil ki, ABŞ özünün Yaxın Şərq planlarına əngəl olan iki qüvvəni – Rusiya və İranı bir neçə istiqamətdən güclü zərbələr endirərək, oyundan çıxarmaq istəyir. Trampın faktik olaraq kənara tulladığı NATO-nu yenidən genişləndirərək, Rusiyanın sərhədlərində möhkəmlənmək niyyəti də buradan doğub.

Bu proseslər qarşıdakı aylarda daha da dərinləşəcək və ağırlaşacaq; çox dövlətlər xoşagəlməz vəziyyətlərə düşəcək, çətin məqamlarla üzləşəcəklər. Hər iki nəhəngdən eyni məsafəni saxlayaraq, öz maraqlarını qorumaq asan olmayacaq. İndiyə qədər bunu ən yaxşı bacaran dövlətlərdən biri Azərbaycandır. Düşünməyə tamam əsas var ki, qarşıdakı mərhələlərdə də elə olacaq.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #ABŞ   #Rusiya   #Soyuq-Müharibə   #Mayk-Pens   #Donald-Tramp  





Xəbər lenti