Lənkəranda narkotik plantasiyası aşkarlandı

Lənkəranda narkotik plantasiyası aşkarlandı
  01 Avqust 2017    Oxunub:3274
Lənkəran Rayon Mühafizə Şöbəsindən Şəhər Rayon Polis Şöbəsinə Kənarmeşə kəndinin ətrafındakı ərazidə narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair şübhələrin olması barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, məlumatın yoxlanılması məqsədilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarından ibarət əməliyyat qrupu müxtəlif giləmeyvə kolları ilə əhatələnmiş həmin ərazidə aqrotexniki qaydada qulluq edilmiş narkotik plantasiyası aşkar edib və onların yetişdirilməsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi üçün tədbirlərə başlanılıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində gizli şəkildə keşikçi itlə kolların arasından həmin əraziyə keçməyə cəhd edən bir nəfər yaxalanıb. O, şübhəli şəxs qismində saxlanılaraq ŞRPŞ-yə gətirilib.

Araşdırmalarla onun Xolmili kənd sakini Şahin Ağayev olması müəyyən edilib. O, digər həmkəndlisi ilə birlikdə həmin ərazidə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkdiklərini, yaxınlıqda qazdıqları su quyusundan suvarmaqla, aqrotexniki qaydada yetişdirdiklərini etiraf edib.

Hal şahidlərinin və mütəxəssislərin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan 30-u çıxarılmış, 28-i isə torpaqda olan ümumilikdə 58 ədəd çətənə kolu və sərilib qurudulmuş halda, narkotik vasitə olması şübhə doğuran yarpaqlar aşkar edilərək götürülüb.

Ekspertiza həmin narkotik vasitənin 5 kiloqram 100 qram marixuana olması barədə rəy verib. Faktla bağlı cinayət işi açılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Lənkəran  





Xəbər lenti