Ermənilər dinc sakinləri atəşə tutur - Tovuzun Qaralar kəndindən FOTOLAR

Ermənilər dinc sakinləri atəşə tutur - Tovuzun Qaralar kəndindən FOTOLAR
  31 İyul 2017    Oxunub:10314
Tovuzun cəbhə xəttinin yaxınlığında yerləşən Qaralar kəndi daim ermənilərin hədəfinə tuş gəlir. Sonuncu belə təxribat iyulun 29-u gecə saatlarından iyulun 30-u günorta saatlarınadək davam edib.
Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan açdığı intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.



AzərTAc-ın müxbiri Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulan Tovuzun Qaralar kəndinə gedib, sakinlərlə görüşüb, erməni təxribatı ilə bağlı məlumatları bilavasitə onlardan alıb.

Rayon icra hakimiyyəti başçısının Qaralar inzibati dairəsi üzrə nümayəndəsi Ramiz Süleymanov deyib: “Qaralar kəndi rayon mərkəzindən 70 kilometr aralıda, Ermənistanla sərhəddə yerləşir. Hazırda kənddə 300-ə yaxın sakin yaşayır. Onlar əsasən əkinçilik və maldarlıqla məşğul olurlar. Kəndin rayon mərkəzindən 70 kilometr aralıda yerləşməsinə baxmayaraq, əhali təbii qaz, elektrik enerjisi və içməli su ilə normal təmin olunub. Yol infrastrukturu yenidən qurulub. Sakinlərin yeganə problemi ermənilərin atəşkəs rejimini tez-tez pozaraq kəndi atəşə tutmasıdır. Bu, xüsusən təsərrüfat işləri zamanı ciddi çətinliklər törədir”.



Son təxribat zamanı kəndin iriçaplı silahlardan atəşə tutulması nəticəsində evlərə, təsərrüfatlara, mülki obyektlərə ziyan dəyib. Kənd yolu ilə gedərkən icra nümayəndəsi evlərdəki, hasarlardakı mərmi izlərini göstərirdi.

Səksən yaşlı Bəyaz nənə bizə yaxınlaşaraq dedi ki, oğlu Manaf Hüseynov Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Özü isə bir neçə il bundan əvvəl mənfur qonşularımızın açdığı atəş nəticəsində ayağından yaralanıb: “Ermənilər iyulun 29-u gecədən kəndimizi yenidən atəşə tutmağa başladılar. Atışma günortayadək davam etdi. Ordumuz onlara layiqli cavab verdi. Ermənilər elə bilirlər ki, biz top-tüfəngdən qorxub qaçacağıq. Düşmənin bu niyyəti baş tutmayacaq. Biz Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə güvənib doğma torpağımızda yaşayırıq və yaşayacağıq”.



Kənd bələdiyyəsinin sədri Binnət Zeynalov söhbətə qoşularaq məlumat verdi ki, sakinlərin bir çoxunun əkin sahələri düşmənin atəş nöqtəsinin yaxınlığında yerləşir. Kəndin tez-tez atəşə tutulması əkin-biçin işlərində problemlər yaradır.

Kənd sakinləri Sabir Yusifov və Füzuli Hüseynov da mənfur qonşularımızın törətdikləri təxribatlardan qorxmadıqlarını bildirdilər. Qeyd etdilər ki, Azərbaycan Ordusu düşmənin cavabını hər zaman lazımınca verir.



Mənfur qonşularımızın dinc əhalini mütəmadi atəşə tutmasına baxmayaraq, Qaralar kəndində həyat öz axarı ilə davam edir. Kimisi kartof sulayır, kimisi də mal-qarasını otarır. Azərbaycan əsgərinə arxalanan kənd sakinləri gündəlik təsərrüfat işi ilə məşğuldur. Kənddə gördüklərimiz bir daha əminlik yaratdı ki, düşmən bu təxribatlarla heç vaxt öz məkrli niyyətinə çata bilməyəcək.








Teqlər: Tovuz   Qaralar   Təxribat  





Xəbər lenti