“Ailə-məişət cinayətlərinə görə cəzalar sərtləşdirilməlidir” - Deputat

“Ailə-məişət cinayətlərinə görə cəzalar sərtləşdirilməlidir” - Deputat
  31 İyul 2017    Oxunub:1859
“Son 2-3 ayda ölkədə ailə-məişət zəminində baş verən cinayətlərin sayı ciddi şəkildə artır və artıq bu, hər birimizi narahat etməlidir”. Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvi, deputat Musa Quliyev deyib.
O, bildirib ki, ailə məişət zəminindəki cinayətlər üçün Cinayət Məcəlləsinə xüsusi maddələr əlavə edilməldir: “Artıq ailə-məişət zəminində cinayət törədənlərə daha sərt cəzaların verilməsinin vaxtı gəlib çatıb. Küçədə insan özünü daha yaxşı müdafiə edə bilər. Amma ailədə insanın daima basqı və qorxu altında yaşaması, o insana qarşı hər hansı qəddarlıq törədilməsi şübhəsiz ki, onun daha təhlükəli vəziyyətdə olmasından xəbər verir. Buna görə də artıq ailə-məişət zəminindəki cinayətlər üçün tətbiq olunan maddələri gücləndirməliyik”.

M.Quliyev deyib ki, ailədə körpənin qız olduğuna görə öldürülməsi ən böyük, ən ağır cinayətdir: “Bizim əlimizdə dəqiq rəsmi məlumat yoxdur ki, o körpə necə olub ki, quyuya düşüb, kimin nə səbəbdən etdiyi məlum deyil. Ona görə kimisə günahlandırmaq üçün əlimizdə konkret məlumat yoxdur. Lakin bu həm hüquqi cəhətdən çox böyük məsuliyyət yüküdür, həm də mənəvi cəhətdən ictimai qınağa səbəb olacaq cinayətdir. Hesab edirəm ki, bizim Ailə Məcəlləsində, Cinayət Məcəlləsində əlavə bir dəyişiklik olmalıdır ki, uşağın cinsinə görə qəsdən öldürülməsinə ən ağır cəza verilsin. Bu cəmiyyətin əxlaqını pozan, şoka sala biləcək bir hərəkətdir. Əgər bunu həmin körpənin atası edibsə, o ikiqat və ya beşqat məsuliyyət daşıyır. Dünyaya insanın gəlməsi Allahın işidir, dünyadan da insanın getməsi Allaha məxsusdur”.

Deputat hesab edir ki, çox ciddi və daimi maarifləndirmə işi aparmalıdır ki, övladın qız və ya oğlan olmağında özünün heç bir günahı yoxdur: “Belə insanlara heç cür bəraət vermək və ya cəzasını yüngülləşdirmək olmaz. Belə məhkəmələr açıq, ictimai keçirilməlidir və hətta televiziyalarda da göstərilməlidir ki, cəmiyyət üçün görk və dərs olsun. Bu dəhşətli cinayətdir. Atanın köməksiz və günahsız körpəsinə qarşı bu cür hərəkət etməsi hesab edirəm ki, insanlığa yaraşmayan hərəkətdir və bu hadisəyə qiymət verməyə belə çətinlik çəkirik. Bu uşaq özü-özünə gedib quyuya düşməyib ki? Şübəsiz ki, bunu edən insan var və bu insana qarşı hüquq mühafizə orqanları ən qəti tədbirləri görməlidir. Artıq bu hadisə ilə bağlı ölkədə həyacan təbili çalınır. Bu məsələlərdə cinayətin qarşısını almaq üçün profilaktika lazımdır. Profilaktika mədəniyyətdən, maarifləndirmədən və o adamın məsuliyyətini ona çatdırmaqdan keçir. Buna görə də mətbuat vasitələrinin, bizim və başqa dövlət qurumlarının, ictimai təşkilatların vəzifəsi ondan ibarətdir ki, daim bu məsələdə maarifləndirmə işi həyata keçirilsin, məsuliyyət artırılsın. Bunu bütövlükdə Azərbaycan cəmiyyətinə aid etməzdim. Amma ailənin bir üzvünün digəri tərəfindən öldürülməsi də cəmiyyət üçün aşağılayıcı bir hərəkətdir”.

Qeyd edək ki, Lənkəranda 5 günlük körpə Mələk Şaiq qızı Nurullayeva öldürülərək, quyuya atılıb. Darquba kəndində hadisə baş verən gecə, yəni iyulun 29-da evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və digər yaxın qohumlar olublar.

Aytən Zəhra
AzVision.az


Teqlər: millət-vəkili   cəza  





Xəbər lenti