İsrailin erməni icması şəhər merini təhdid edir - KİV

İsrailin erməni icması şəhər merini təhdid edir - KİV
  26 İyul 2017    Oxunub:1594
Bu günlərdə erməni tərəfinin gecikmiş reaksiyası bizə göstərdi ki, İsraillə Azərbaycan arasında mehriban, səmimi və strateji münasibətlər ümumdünya erməni diasporunu narahat edir.
Bu sözlər beynəlxalq münasibətlər sahəsində israilli ekspert Mila Abramoviçin “News From Israel” analitik informasiya portalı üçün eksklüziv materialında yer alıb. Bu yazı bir neçə gün əvvəl elə həmin portalda dərc edilmiş “İsrailin Akko şəhərinin meri: Mən Azərbaycan xalqını dəstəkləyirəm” sərlövhəli məqaləyə İsrailin erməni icmasının reaksiyasına cavab olub.

“İsrailin Akko şəhərinin meri: Mən Azərbaycan xalqını dəstəkləyirəm” sərlövhəli məqalədə əslən Azərbaycandan olan israillilərin ən böyük icmasının yaşadığı şəhərin meri deyir: “Biz, israillilər müharibənin və terrorun nə demək olduğunu sözdə deyil, əməli şəkildə çox yaxşı bilirik. Mənim rəhbərlik etdiyim şəhərdə bir neçə il bundan əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq “Xocalıya dəstək!” kampaniyası çərçivəsində Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktına həsr edilmiş səyyar sənədli fotosərgi çox yüksək səviyyədə keçirildi. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən və vandalizmdən bəhs edən bu fotosərgi şəxsən məni sarsıtdı. Çox ümid edirəm və inanıram ki, Azərbaycanın işğal olunmuş əraziləri tezliklə azad ediləcək və azərbaycanlı qaçqınlar öz doğma yurdlarına qayıda biləcəklər. Erməni diasporu Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərlə əlaqədar dəfələrlə mənə müraciət edib, lakin mənim cavabım bir olub – mən Azərbaycan xalqını dəstəkləyirəm. Ermənilərin təhdid dolu hər hansı məktubları mənim Azərbaycana münasibətdə mövqeyimə təsir göstərə bilməz”.

İsrailli ekspert Mila Abramoviç qeyd edir ki, obyektiv və təmiz insan olan Şimon Lankri bu bəyanatı ilə əlləri dinc və günahsız Azərbaycan əhalisinin qanına bulaşmış separatçıları və uşaq qatillərini deyil, zərərçəkmiş tərəfi dəstəkləyib.

Ekspert yazır: “Erməni terrorçularının uşaq qatili olduğunu təkcə 1992-ci ildə Xocalıda baş vermiş hadisələr deyil, həm də lap bu yaxınlarda, 2017- ci il iyulun 4-də baş vermiş hadisələr sübut edir. Bütün dünya Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan necə atəşə tutulduğunun şahidi olub. Nəticədə 50 yaşlı nənə Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi, yaşamağa yenicə başlayan günahsız körpə Zəhra Quliyeva həlak olub“.

M.Abramoviçin fikrincə, son illər İsrail və Azərbaycanın strateji baxımdan daha da yaxınlaşması Azərbaycan və Ermənistan arasında qüvvələr tarazlığını konkret olaraq birincinin xeyrinə dəyişib. O yazır: “2016-cı ilin aprelində qısamüddətli müharibə zamanı Azərbaycan ordusunun şanlı qələbəsi və sürətlə irəliləməsi bunu təsdiq etdi. Azərbaycan bu müharibədə öz hərbi qüdrətini və ordusunun işğal edilmiş əraziləri azad etmək bacarığını separatçılara nümayiş etdirdi”.

Müəllif vurğulayır ki, həmişə sözünün ağası olan Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan heç bir ərazi dəyişikliyinə yol verməyəcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. Bu barədə Arye Qut, Aleksandr Murinson və s. kimi israilli analitiklər də dəfələrlə öz məqalələrində yazıblar.

O yazır: “1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Azərbaycan İslam aləmində İsrailin ən yaxın dostu və tərəfdaşı oldu. Cənubi Qafqazda tərəfdaşlar axtarışında olan yəhudi dövləti keçmiş sovet imperiyası və İran arasında yerləşən yeni dünyəvi dövlətin - Azərbaycan Respublikasının simasında arzu edilən və etibarlı tərəfdaş tapdı. İki ölkənin mürəkkəb geosiyasi əhatəsinə baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq yaranıb, burada energetika iki dövlətin qarşılıqlı münasibətlərinin əsas strateji sütunlarından biridir. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Azərbaycan, həmçinin digər etnik və dini qrupların, o cümlədən xristian və yəhudi icmalarının da doğma evidir”.

M.Abramoviçin fikrincə, milli azlıqlara hörmət və dözümlülük İpək Yolu dövründən bu günümüzədək mühüm rol oynayıb. Monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıb. Bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda İsrailin mühüm tərəfdaşıdır. İki ölkə arasında münasibətlər bir çox sahələrdə daim dinamik inkişaf edir və genişlənir. Azərbaycan Respublikası dünyəvi ölkə və İslam dünyasında tərəqqinin əsl mayakıdır. İsrail dövləti dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətin tərəfindədir və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdardır.

Akko meri müsahibələrindən birində vurğulayıb ki, iki il əvvəl Azərbaycanda olanda bu xalqın mehribanlığını, qonaqpərvərliyini, tolerantlığını və multikulturallığını özü də hiss edib. O deyib: "Mənim üçün Azərbaycan adlı ölkəni məhz əslən Azərbaycandan olan yaxın dostlarım Nexemiya Şirin Mixaeli və Arye Qut "kəşf ediblər”. Onlar İsraildə həmişə qürurla deyirlər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və yəhudilər orada özlərini heç vaxt əcnəbilər kimi hiss etməyiblər. Mən Azərbaycana gedəndən, orada yəhudilərə bu cür səmimi münasibəti öz gözlərimlə görəndən sonra fəxr edirəm ki, Azərbaycanın dostuyam. Bu gün mənim şəhərimdə Heydər Əliyev adına Azərbaycan Evi var. Bu ev İsraildə "Odlar Yurdu”nun qəlbinin bir hissəsi, onun bir adacığıdır”.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənəcəyinə ümid etdiyini bildirən Akko meri deyib: "İsrail dövləti dəfələrlə bəyan edib ki, o, Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, mən də bu nöqteyi-nəzərin tərəfdarıyam. Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycanın və Azərbaycan xalqının yanındadır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və təcavüz siyasətinə, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə və bir milyon sakinin qaçqın vəziyyətində olmasına baxmayaraq, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl parlaq nümunəsi olaraq qalır”.

Konkret faktlara əsaslanan fikirlər söyləyən Şimon Lankri ilə tam razılaşdığını bildirən M.Avramoviç fikrini belə tamamlayıb: “Akko merini təhdid etməyə cəsarət etmiş və təzyiq metodu ilə onu dürüst mövqeyindən uzaqlaşdırmağa çalışan erməni icmasına KİV səhifələrindən müraciət edib demək istəyirəm: siz unudursunuz ki, faktları heç nə dəyişdirə bilməz, həqiqət Azərbaycanın tərəfindədir və siz bunu edə bilməyəcəksiniz. Gec-tez ədalət zəfər çalacaq və Azərbaycanın bayrağı hazırda işğal edilmiş ərazilər üzərində dalğalanacaq. Cəbrayıl rayonunun azad edilmiş Cocuq Mərcanlı kəndində dalğalandığı kimi”.

AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti