“Babamın Allahı ilə nənəmin Allahının arasında qalmışdım” – Qara Qarayevin oğlu (MÜSAHİBƏ)


“Babamın Allahı ilə nənəmin Allahının arasında qalmışdım” – Qara Qarayevin oğlu (MÜSAHİBƏ)
  25 İyul 2017    Oxunub:40612
AzVision.az-ın müsahibi bəstəkar, professor Fərəc Qarayevdir.

Onunla yaradıcılığından, köhnə Bakının ziyalı ailələrindən, atası - böyük bəstəkarımız Qara Qarayevlə bağlı xatirələrindən söz açmışıq.
- Fərəc müəllim, həyatınızda və yaradıcılığınızda hansı yeniliklər var?

- İstərdim, sizin sualınıza heç vaxt unutmadığım bir ingilis atalar sözü ilə cavab verim: “Xəbərin yoxluğu elə ən yaxşı xəbərdir”. (gülür) Düşünürəm ki, bu, elə də pis deyil...

- Moskva konservatoriyasında işləriniz necə gedir? Bizi yeni əsərlərinizlə sevindirəcəksinizmi?

- Düzünü desəm, yaradıcılığımla bağlı xəbərlər yoxdur. Yeni əsərlərim hələ ancaq düşüncələrimdədir. Onları vərəqə köçürməmişəm. İnsanın ən ciddi tənqidçisi gərək özü olsun. Əgər sən yeni əsərlərin yaranması üçün lazımi məqamın yetişdiyinə, bu əsərin kifayət qədər orjinal olacağına və onu reallaşdıra biləcəyinə əmin deyilsənsə, ən yaxşısı fasilə verməkdir. Nə özünü, nə də gələcək dinləyiciləri aldatmaq lazımdır.

Böyük rus yazıçısı Lev Tolstoy şair Afanasi Fetuya göndərdiyi məktubunda bitirdiyi əsər haqqında “...Bir də heç vaxt çərənçilik edib, uzun-uzadı yazmayacağam”,- deyirdi. Sizcə, hansı əsərini nəzərdə tutub? Təəccüblənməyin: dünya ədəbiyyatının zirvəsi sayılan “Hərb və Sülh”ü!

Son zamanlar daha çox xarici orkestr əsərlərilə məşğul oluram. Debüssinin 3 prelüdiyasının orkestrovkasını bitirmişəm. Bu iş mənə böyük zövq verdi. Eyni zamanda, konservatoriyada gənclərlə ünsiyyətdə olmaq da mənə böyük sevinc bəxş edir, ruhdan düşməyə, xoş olmayan fikirlərə dalmağa imkan vermir. Baxmayaraq ki, bunlar mənim yaşımda olan adam üçün təbiidir.



- Filmlərə, tamaşalara musqilər yazmaqda davam edirsinizmi?

- Bakıdan gələn təkliflərdən heç vaxt imtina etmirəm. Son illər Akademik Milli Dram Teatrının iki tamaşasına və Cəfər Cabbarlı adına Kinostudiyada çəkilən filmə musiqi yazmışam. Moskvada isə iki filmə musiqi yazmaqdan imtina etmişəm. Bunlardan biri 19-сu əsrdə Rusiya-Türkiyə münasibətlərinin tarixi haqqında tədqiq edilmədən yazılmış ssenari idi, digərinin isə ssenarisi o qədər zəif idi ki, hətta axıra qədər oxuya bilmədim.

- Doğma şəhəriniz üçün darıxırsınızmı?

- Əlbəttə, darıxıram. Və hər fürsətdən istifadə edirəm ki, heç olmasa bir neçə günlüyünə də olsa, Bakıya gəlim. Artıq mənim iki doğma şəhərim var. Hər ikisini eyni dərəcədə sevirəm... Ancaq ola bilsin, Bakını daha çox sevirəm. (gülümsəyir)

Azərbaycan musiqisini Rusiyada təbliğ etməyi özümə borc bilirəm. Moskvadan olan musiqiçilər həmişə Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı və “Zamanla üz-üzə”kimi layihələrimizdə iştirak edirlər. Bu yolla musiqiçilər arasında əlaqələr qurulur və sonradan dostluğa çevirilir. Dostluq isə öz növbəsində musiqiyə faydasını verir. Bizimkilərin musiqisi daha tez-tez Moskvada, ruslarınkı isə Bakıda səslənir. Migel De Servantesin “Don Kixot” əsərində belə bir cümlə var: “Musiqi səslənən yerdə pis bir şey ola bilməz”. Düşünürəm ki, bu fikir indi də aktualdır. Atam həmişə yarızarafat-yarıciddi deyərdi ki, “Motsartı, Qlinkanı sevən adam pis heç nə etməz”.

- Sizin və bacınız Züleyxa xanımın uşaqlığı, ümumiyyətlə, ailəniz haqqında eşitmək maraqlı olardı...

- O zamanlar kiminsə evinə birinci dəfə qonaq gedəndə ilk növbədə baxdığım yer kitab şkafı olardı. Mənə maraqlı gəlirdi ki, bu evdə hansı kitablar oxunur. Və bütün ailələrin evində mütləq çox maraqlı kitablarla dolu şkaflar olurdu. Rusdillilərdə gözəgəlimli yerləri rus və xarici ədəbiyyata aid klassik əsərlər tuturdu. Xruşşovun “mülayimləşmə”sindən sonra işıq üzü görmüş kitablar çox olurdu. Məsələn, Heminqueyin və ya Remarkın əsərləri kimi. Həmçinin, Meterlinkin, Rostanın, hətta Evripid və digər dramaturqların əsərlərindən ibarət cildlər toplusunu da görə bilərdik. Oskar Uayldın, Knut Hamsunun və digərlərinin kitablarını xatırlayıram.
Azərbaycan ədəbiyyatından isə Nizaminin “Xəmsə”si, Səməd Vurğunun, Rəsul Rzanın poetik topluları, İsmayıl Şıxlının “Dəli Kür”ü, İ.Qasımov və H.Seyidbəylinin “Uzaq Sahillərdə ”əsərləri olurdu. Təəssüf ki, tərcüməyə layiq bir çox klassik əsərlər o zaman dilimizə yetərincə çevrilmədi…

İllər keçib, belə problemlər artıq geridə qalıb. İndi evlərdə hər şey dəyişib. Evin gözəgəlimli yerlərində kitab şkaflarının yerini böyük televizorlar, gözəl mebellər, rahat yataq dəstləri tutub. Kitab şkafları daha yoxdur. Bu da sizə Dünən ilə Bugünün fərqi...



Atam 1946-cı ildə Moskva konservatoriyasını bitirdikdən sonra biz Bakıya qayıtdıq. O zaman “Qırmızı ordu, 21” ünvanında yerləşən ikiotaqlı evimizdə ümumiyyətlə, mebel yox idi. İlk növbədə böyük, metal torlu döşək sifariş etdik. Nənəmin evindən köhnə “Bechstein” royalını gətirdik. Evdə balaca bir kətil, mətbəxdə stol vardı, vəssalam.

Atam konservatoriyada dərs deməyə başladı. Əməkhaqqına ilk olaraq böyük kitab şkafı, daha sonra isə atama yazı stolu aldıq. 1947-ci ildə bacım anadan olanda atam xəstəxanaya Üzeyir Hacıbəyovun bu əlamətdar hadisə münasibətilə verdiyi “M-1” maşını ilə getdi. Atam Üzeyir Hacıbəyova çox böyük hörmətlə yanaşır, qeyri-adi istedada malik insan hesab edirdi.

Atamın” Koroğlu” tamaşasına bilet əldə etməsini və babamla Opera Teatrına getməyimizi çox yaxşı xatırlayıram. Həmin gün “Koroğlu”nu Bülbül oxuyurdu. Mənim onda 5 yaşım vardı, amma opera çox böyük təəssürat yaratmışdı. Tamaşadan sonra biz səhnənin arxasına keçdik, babam Bülbülü təbrik etdi. O, bığlarını göstərib, məndən “Xoşuna gəlirmi?”,- soruşdu. Mən də təsdiq əlaməti olaraq başımı yellədim. Bülbül isə gülə-gülə bığlarını çıxartdı. O vaxt bu, məni çox çaşdırmışdı.

Bacım böyüdükdən sonra valideyinlərimiz bizi ikilikdə Opera Teatrının tamaşalarına, filarmoniyada keçirilən konsertlərə göndərirdilər. Bu, yeni əsərlərlə tanışlıq imkanı baxımından çox faydalı idi. O zaman bizim nəinki internetimiz (gülür), hətta normal patefonumuz da yox idi…

- Atanızla bağlı hansı xatirələri danışa bilərsiniz?

- Atamın iş günü 14-15 saat ola bilirdi, bu, onun üçün normal idi. 50-ci illərin əvəllərində atam Pirşağıdakı bağımızda “Yeddi Gözəl” baletini orkestrləşdirirdi. Həmin vaxtlarda Bakıya məxsus çox isti hava var idi. Nənəm Sona xanım atamın işini asanlaşdırmaq üçün onun çiyninə nəm mələfə sərmişdi. Naharda bir az dincəldikdən sonra o, yenidən stol arxasında keçər və gecənin gec saatlarına qədər əsər üzərində çalışardı. O vaxtlar bizim bağımızda elektrik yox idi, günəş batanda atam iki neft lampasının işığında işləyirdi.



- Doğrudurmu ki, o, “İldırımlı yollarla” baleti üzərində işləyərkən notların üzünü köçürən şəxs partituraları yazmağı çatdıra bilmirmiş?

- “İldırımlı yollarla” baletinin partiturası üzərində işləməsi 50-cı illərin sonlarında Vorzeldə olub. Surət köçürən şəxs doğurdan da, onun ardınca çatdıra bilmirdi. Həmişə dayanırdı, gecikirdi. Bu isə atamı çox əsəbləşdirirdi. Partitura onun qələmindən yubanmadan çıxırdı. Hərfi mənada desək, çap maşını kimi işləyirdi.

“İldırımlı yollarla” baletinin səhnələşdirilməsi 1958-ci ilin sonunda Leninqradda oldu. Tamaşanı izləyənlər arasında Nazim Hikmət də vardı. O, sonradan baletin haqqında qeyri-adi və maraqlı resenziya hazırladı. Dahi Mirzə Fətəli Axundova müraciətlə yazılan bu resenziya mərkəzi şəhər qəzetlərindən birində çap olunmuşdu. Yazıda belə bir cümlə vardı: “Hörmətli Mirzə, sən təsəvvür edərdinmi ki, həmyerlinin, bir azərbaycanlının yazdığı balet nə zamansa Avropanın ən yaxşı teatrlarından birində səhnəyə qoyularaq, böyük uğur qazanacaq?”.



Atamın Nazim Hikmətlə çox isti, dostluq münasibətləri var idi. Şair Bakıda olanda onlar mütləq görüşərdilər, bizim evə gələrdi. Leninqraddakı premyeradan dərhal sonra Nazim Hikmət atama özünün “Fərhad və Şirin” əsərinin balet librettosunu yazmağı təklif etdi. Atam pyesi çox sevirdi, ancaq təklifdən imtina etmək məcburiyyətində idi. Bunu belə əsaslandırdı ki, “İldırımlı yollarla” baletinin üzərində gərgin işdən sonra bir neçə il dincəlmək istəyir. Simfonik musiqilərin yazılmasına keçdikdən sonra, ola bilsin ki, yenidən hansısa balet əsəri üzərində işləyər. Nazim Hikmət isə bu ideyanın baş tutmasını böyük ehtirasla istəyirdi. Buna görə də, atamdan xahiş etdi ki, şagirdləri və ya həmkarları arasından bunu edə biləcək şəxsi məsləhət görsün. Beləliklə, “Məhəbbət əfsanəsi” baleti yarandı.

Ömrünün sonlarında atam yenidən balet mövzusuna qayıtmağa cəhd etdi. Qriqoroviçlə “Hamlet”in planını müzakirə etdilər. Ancaq sonradan iş getmədi.

Onun daha bir fikri də var idi ki, 3 hissədən ibarət “Üç Leyli” baletini yazsın. Birinci hissə “Leyli və Məcnun” poeması əsasında yazılmış “Qeys və Leyli”olsun, sonra süjet xətti orta əsrlər Avropasından keçsin, üçüncü hissə isə bugünkü Bakıda cərəyan etsin. Ancaq xəstəlik və erkən ölüm bu ideyanın həyata keçməsinə imkan vermədi.

- Atanızın ən çox hansı xüsusiyyətləri sizdə cəmləşib?

- Bu haqda fikir yürütmək mənə çətindir. Görünür, öz peşəmə böyük sevgi və vurğunluq, istedadı olan tələbələrimlə yaradıcı əlaqələrin qurulması bacarığı –bütün bunlar mənə atamdan keçib. Yeniliklərə, maraqlara açıq olmaq atamı fərqləndirən xüsusiyyətlər idi. Mən də eləyəm. Məndə olmayan şey isə atamın müdrikliyidir. Mübahisəli məsələləri sakit idarə etmək bacarığı, müxtəlif insanlarla yola getmək, qeyri-adi diplomatik vərdişləri mənə keçməyib. Xaraktercə mən atamın kiçik qardaşı Mürsələ daha çox bənzəyirəm. O, çılğın təbiətli, sözü üzə deyən, məsələ hansısa prinsipial suala gələndə mübahisədən, konfiliktlərdən qorxmayan bir insan idi.



Diplomatiya mənlik deyil... Mənim üzümə baxan adam daxilimdə nələrin baş verdiyini asanlıqla oxuya bilər: “Bu, qabiliyyətsizdir, istedadı yoxdur. Bundan zəhləm gedir. Baxmayaraq ki, gücü var, səlahiyyətləri var, bundan qorxmuram. Onunla isə ünsiyyət qurmaq istəmirəm. O, axmaqdır. Bu isə alçaq adamdır, onunla əl sıxışmaram... O biri öz müəllimlərinin məsləhətini çoxdan unudub, istedadını şan-şöhrətə, ordenə, adlara qurban verir”... Buna görə, ətrafımda ancaq o insanlar olur ki, onları doğurdan da sevirəm, hörmət edirəm, istedadına inanıram, düzlüyünə şübhə etmirəm. Nə zamansa haradasa oxumuşdum ki: “Mənim tərəfdarlarım azlıqdadırlar. Ancaq mən öz azlığıma inanıram, mənə çoxluq lazım deyil”. Bu hikmət mənim üçün çox şeyi ifadə edir.

- Bu yaxınlarda sizin Amsterdamda səsləndirilən bir musiqi əsərinizlə bağlı qeydi oxdum. Əsərinizdə muğamdan, canlı tar ifasından və Quran avazından istifadə olunub. Tar ifasını tez-tezmi dinləyirsiniz? Və Sizin Qurana, ümumiyyətlə, dinə münasibətinizi öyrənmək istərdim...

- Dediyiniz əsər «Xütbə, Muğam və Surə» adlanır. Musiqi əsərinin yazılması zamanı mən gözəl tarzənimiz Möhlət Müslümovla çox yaxınlaşmışdım. Onun çalğısı məni elə valeh edib, tilsimlədi ki, üstündən 20 il keçməsinə baxmayaraq, həmin birgə işimizi yenə də böyük məmnunluqla xatırlayıram. Onun ifasını tez-tez dinləyirəm.

Dinə münasibətimə gəlincə, mən aqnostikəm. Allahın varlığını inkar edən ateist deyiləm, ancaq inamım da dərin deyil. Aqnostik mühakimə etmir, deyir ki, bu gün Allahın varlığını təsdiq və ya inkar etmək üçün kifayəq qədər əsas yoxdur.



Əlbəttə, bu məsələdə tərbiyənin də rolu var idi. Həmyaşıdlarım kimi mən də oktyabrist, pioner, komsomolçu olmuşam. Ancaq görünür, mənim gələcək aqnostsizmimə təsir edən başqa bir məqam da var idi. Nənəm Sona xanım yastığının altında atlas yaylığa bükülmüş Quran saxlayırdı. Uzun müddət ondan bu kitabı mənə göstərməyini xahiş etdim, xeyli müddətdən sonra yalnız bir dəfə xahişimi yerinə yetirdi. Bir az böyüdükdən sonra anladım ki, bu kitab nənəm üçün çox dəyərli və qiymətlidir. Nənəmi sevirdiyim üçün, məndə kitaba qarşı da hörmət yarandı.

Anamın atası isə pravoslav idi. Onun çarpayısının başı üstündən Nikolay Çudotvoretsin təsviri olan balaca ikona asılmışdı. Bu səbədən də mən heç cür aydınlaşdıra bilmirdim ki, necə olur, sevimli nənəmin və babamın ayrı-ayrı allahları var. Uzun müddət bu, mənim üçün qeyri-müəyyən qaldı.

İllər keçəndən sonra böyüdüm və yaşlı müsəlman qadın haqqında maraqlı bir əhvalat oxudum. Orada yazılmışdı ki, uzaq bir ölkəyə göndərilən yaşlı qadın məscidə gedib, molla ilə məsləhətləşir: “Getdiyim yerdə məscid yoxdur. Mən nə etməliyəm?”. Molla müdrik adam imiş, ona məsləhət görür ki, gedib kilsədə dua etsin, çünki Allah birdir.

- Gəncliyinizdə idman və fotojurnalistika ilə maraqlanmısınız. Bəs indi hansı komandaya azarkeşlik edirsiniz və yenə də foto çəkirsinizmi?

- Gənclikdə “Neftçi”nin ən ehtiraslı fanatı idim. Hətta bir neçə dəfə gedib, sevimli komandamın başqa şəhərlərdəki oyununa da baxmışam: Tiflisdə, Moskvada, Minskdə… Yeri gəlmişkən Moskvadan geri dönmək üçün bilet almaqda mənə Banişevski özü kömək edib.

1987-ci ildə Çernobıl qəzasının ildönümü ilə bağlı Bakının mərkəzi stadionunda “Neftçi”nin veteranları ilə incəsənət işçilərinin yığması arasında yoldaşlıq oyunu keçirilirdi. Axırıncının təkribində mən də vardım. Banişevski, Babayev, Namazov rəqib komandada oynayırdılar. Biz 1:3 hesabı ilə uduzduq. Mən elə bir qol vurdum ki, bu haqda bütün Bakı qəzetlərində yazdılar. Yazıların sayı hətta musiqi əsərlərim haqqında olan məqalələrdən çox oldu. (gülür).
İndi Azərbaycan və Rusiya yığmasına azarkeşlik edirəm. Təəssüf ki, onlar bizi tez-tez sevindirə bilmirlər.

Fotoqrafiyaya gəlincə, həvəs çoxdan keçib. Bu, ciddi bir şey deyildi. Ötəri maraq və kiçik bir epizod idi.



- Əvəllər cazla da maraqlanmısınız...

- O sevgi indi də qəlbimdə yaşayır. Mən Vaqif Mustafazadə və Rafiq Babayevlə olan yaradıcı dostluğumla fəxr edirəm. Moskvada hərdənbir istedadlı, musiqiyə şərəflə xidmət edən V. Sadıxovla əlaqə saxlayıram. Özüm də ifa edirəm... Əlbəttə ki, yalnız özüm üçün. Konservatoriyada tələbə gecikəndə və ya kimsə dərsi buraxanda boş dəqiqələrdən faydalanıb, improvizələr edirəm.

Konservatoriyada tələbələr, musiqşünaslar, bəstəkarlar ilə yaradıcı görüşlərdə məndən caz çalmağı xahiş etdilər. Sınadım, amma yaxşı bir şey alınmadı. Bir var, özün üçün nəsə improvizə edəsən, bir də var ki, böyük publika üçün çalasan. Hər kəs gərək öz işi ilə məşğul olsun, mənim nəsibim yazı stolu arxasında not kağızlarının qarşısında oturmaqdır.

Şahanə Rəhimli





Teqlər: #QaraQarayev   FərəcQarayev   #Dahibəstəkarlarımız   #Azərbaycanmusiqisi  





Xəbər lenti