560 milyon, 700 min icraat… Məhkəmələrdəki iş

560 milyon, 700 min icraat… Məhkəmələrdəki iş
  25 İyul 2017    Oxunub:1624
“Statistikaya nəzər yetirsək görərik ki, ötən il görülmüş kompleks tədbirlər nəticəsində əvvəlki illə müqayisədə 34 faiz çox 300 mindən artıq işin icrasına nail olunub, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı təxminən 3 dəfə çox - 560 milyon manatadək vəsait ödətdirilib".
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru baş ədliyyə müşaviri Nurəddin Mustafayev “AzərTac”-a müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən bir ildə icra xidmətində qanunçuluğun möhkəmləndirilməsi, əmək və icra intizamına diqqətin artırılması, tələbkarlığın və nəzarətin gücləndirilməsi, hər bir icra məmurunun fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsi bu sahədə işin səmərəliliyinə müsbət təsir göstərib. Bu sahədə göstəricilər cari ildə də artan templə davam edib, altı ay ərzində icrası təmin edilən işlərin sayı 54 faiz artaraq 288 mini ötüb.

N.Mustafayev qeyd edib ki, ötən bir ildə həyata keçirilən məqsədyönlü tədbirlərin, vətəndaşların yerlərdə müraciətlərinə və qəbulu işinə göstərilən diqqətli münasibətin nəticəsidir ki, nazirliyə qəbula gələn vətəndaşların sayında xeyli azalma müşahidə olunur, icra işi ilə bağlı müraciətlərin sayı da icraatda olan işlərin sayı kontekstində xeyli azalıb.

"Məsələn, cari il icraatda 700 minə qədər iş olduğu halda, daxil olan şikayətlərin sayı böyük əksəriyyəti dublikat olmaqla 9335 təşkil edib. Başqa sözlə, barəsində şikayət edilən işlərin sayı bütün işlərin heç 1 faizinə çatmır. Yəni, bu qədər işin müqabilində bu sayda müraciətin olması başa düşüləndir. Amma təbiidir ki, bu, bizi qətiyyən arxayın etmir, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə vaxtında və dürüst baxılması hər bir icra məmurunun ümdə vəzifəsidir".

AzVision.az



Teqlər: Ədliyyə-Nazirliy   məhkəmə  





Xəbər lenti