“Məhkəmədəki işlərin böyük qismi kredit mübahisələridir” - Baş ədliyyə müşaviri

“Məhkəmədəki işlərin böyük qismi kredit mübahisələridir” - Baş ədliyyə müşaviri
  25 İyul 2017    Oxunub:4637
“İcra icraatını bilavasitə həyata keçirən Ədliyyə Nazirliyinin İcra xidmətinin əsas fəaliyyəti vətəndaşların hüquqlarının bərpa olunmasını, qərarların icrasını vaxtında və dürüst təmin etməkdir. Bu, olduqca məsuliyyət və operativlik tələb edir”.
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru baş ədliyyə müşaviri Nurəddin Mustafayev “AzərTac”-a müsahibəsində deyib. İcra baş idarəsinin rəisi bildirib ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin həddindən çox artmasına səbəb olub.

“Təkcə ötən il ərzində yerli icra qurumlarının icraatında olan icra sənədlərinin sayı 712 mini ötüb, bu ilin birinci yarısında isə 695 minə çatıb. Bu, olduqca böyük rəqəmdir və mən deyərdim, arzuolunmazdır. Doğrudur, bunun bir sıra obyektiv səbəbləri, eyni zamanda, məhkəmə mübahisələrinin çoxluğunun müsbət tərəfləri vardır - vətəndaşların məhkəmələrə inamının artması, aralarındakı mübahisələri məhz bu müstəvidə, mədəni səpkidə həll etməyə üstünlük vermələri kimi. Bununla belə son dövrlər məhkəmə işlərinin, dolayısı ilə icra sənədlərinin kəskin artması iqtisadi mübahisələrlə bağlı olur. Təsadüfi deyil ki, icraatda olan icra sənədlərinin böyük bir qismi kredit mübahisələri ilə əlaqədardır. Buna baxmayaraq, İcra xidməti olaraq üzərimizə düşən vəzifə, sözsüz ki, qərarların icrasını təmin etməkdir. Ona görə də bu sahədə işin səmərəli qurulması, elmi texniki nailiyyətlərin tətbiqi daim diqqət mərkəzində saxlanılır”.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   məhkəmə  





Xəbər lenti