İlham Əliyevin Macarıstana səfəri gözlənilir

İlham Əliyevin Macarıstana səfəri gözlənilir
  24 İyul 2017    Oxunub:1157
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədr müavini Janos Latorcai və Xarici Əlaqələr Komitəsinin sədri Zsolt Nemetlə görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub, Azərbaycan və macar xalqları arasında dostluğun dərin tarixi köklərə malik olduğu vurğulanıb.

Tərəflər ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını diqqətə çəkərək bu xüsusda Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana gözlənilən səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə ediblər. Həmçinin, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd olunub və bu məqsədlə parlamentlərarası dostluq qrupları arasında mütəmadi səfər mübadilələri və görüşlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Azərbaycan və Macarıstanın beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.

Görüşdə iki ölkə arasında nəqliyyat, enerji, turizm, təhsil, kənd-təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin vacibliyi qeyd olunub, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı istiqamətində Macarıstanın dost və tərəfdaş dövlət kimi göstərdiyi dəstəyi təqdir edilib.

Görüş əsnasında E. Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, onun ağır nəticələri və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətlərinə məlumat verib. Nazir Macarıstanın Azərbaycanın ədalətli və haqlı mövqeyini və münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti