“Lapşinin ekstradisiyası ilə bağlı danışıqlar gedir” – Rusiyalı Ombudsman

“Lapşinin ekstradisiyası ilə bağlı danışıqlar gedir” – Rusiyalı Ombudsman
  20 İyul 2017    Oxunub:4554
Rusiyanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Aleksandr Lapşinin ekstradisiyasını tələb edə bilər. Bununla bağlı danışıqlar gedir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova bəyan edib.

“Rusiya Xarici İşlər Nazirliyi və Baş Prokurorluq “1993 və 2007-cu il cinayət işləri üzrə hüquqi kömək haqqında beynəlxalq konvensiyalar”a əsasən onun cəzasının ölkə ərazisində çəkilməsi üçün ekstradisiyasını tələb edə bilər. Mənə məlum olduğu qədər bu istiqamətdə iş, danışıqlar aparılır”, - deyə rusiyalı ombudsman jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakıda məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilən Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşinin mümkün ekstradisiyası Kremlin mövzusu deyil.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Aleksandr-Lapşin   Rusiya   Azərbaycan   Dağlıq-Qarabağ  





Xəbər lenti