SOCAR-ın Türkiyədəki investisiyaları 19,5 milyarda çatıb

SOCAR-ın Türkiyədəki investisiyaları 19,5 milyarda çatıb
  20 İyul 2017    Oxunub:1368
2023-cü ilədək SOCAR Türkiyədə dəyəri 3 milyard dollar olan ikinci neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır.
AzVision.az-ın məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Anadolu” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu layihəyə “Star” Neft Emalı Zavodunun tikintisinin yekunlaşmasından sonra başlamaq nəzərdə tutulur:

“Bu gün SOCAR-ın Türkiyədəki investisiyaları təqribən 19,5 milyard dollara çatıb, onların bir qismi “Star” NEZ-ə yatırılıb. Zavodun istismara verilməsindən sonra SOCAR ikinci neft-kimya layihəsinin reallaşdırılmasına başlayacaq. Layihənin ümumi dəyəri 3 mlrd. dollardır. Bu layihənin reallaşması hesabına Türkiyənin neft-kimya məhsulları sahəsindəki defisiti 3 mlrd. dollaradək azaltmaq mümkün olacaq”.

TANAP-ın tikintisinin sürətlə davam etdiyini bildirən SOCAR prezidenti qeyd edib ki, layihənin uğurunun təməlində Azərbaycanla Türkiyə arasında qurulan sağlam münasibətlər dayanır:

“Hazırda TANAP-ın tikintisinin 77,3%-i tamamlanıb. Bildiyimiz kimi, ilkin mərhələdə bu kəmər vasitəsilə 2018-ci ilin ikinci yarısından etibarən Türkiyəyə 6 mlrd. kubmetr qaz nəql olunacaq. İkinci mərhələdə bu kəmər vasitəsilə Avropaya 10 mlrd. kubmetr qaz ixrac ediləcək. Biz ikinci mərhələyə 2019-cu ildən hazır olacağıq, lakin Avropanın hazır olması üçün 2020-ci ili gözləmək lazımdır. İndiyədək TANAP-a 8,5 mlrd. dollar məbləğində investisiya yatırılıb”.

AzVision.az



Teqlər: SOCAR  





Xəbər lenti