Nazir olimpiada qalibləri ilə görüşüb

Nazir olimpiada qalibləri ilə görüşüb
  19 İyul 2017    Oxunub:1636
Bu gün təhsil naziri Mikayıl Cabbarov 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilər, onların müəllimləri və valideynləri ilə görüşüb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təhsil naziri olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına əminliyini ifadə edib.

Nazir 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının təşkilatçılığı ilə keçirildiyini, iki şagirdimizin bu olimpiadada bürünc medala layiq görüldüyünü xatırladıb.

M .V. Lomonosov adına MDU-nun Bakı filialının kimya fakültəsinin dekan müavini, komandanın rəhbəri İqrar Nəzərov bildirib ki, şagirdlərimiz digər ölkələrin təmsilçilərindən iki-üç yaş kiçik olmalarına baxmayaraq böyük uğura imza atıblar.

Görüşün sonunda 49-cu Beynəlxalq Kimya Olimpiadasının qaliblərinə, komandanın rəhbəri və müəllimlərinə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti