Altı ayda Bakıda 5 prokuror işdən çıxarılıb

Altı ayda Bakıda 5 prokuror işdən çıxarılıb
  18 İyul 2017    Oxunub:1981
2017-ci ilin I yarımilində Bakı şəhər prokurorluğu orqanlarında vətəndaşların 8066 müraciətinə baxılıb, həmin müraciətlərdən 2144-nə baxılaraq həll edilib, o cümlədən 828 müraciət təmin edilib.
AzVision.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2017-ci ilin I yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyilib.

Qeyd olunub ki, həmin dövr ərzində 3868 vətəndaş qəbul edilmiş, rayon prokurorları tərəfindən 1328 nəfər, Bakı şəhər prokurorluğunda 1286 nəfər, onlardan da 225-i şəhər prokuroru tərəfindən qəbul olunub.

Əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

2017-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub.

Tələb edilib ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

AzVision.az




Teqlər: BaşProkuroruluq   İlqarAbbasov   Bakı-şəhər-prokuroru  





Xəbər lenti