Bakı şəhər prokuroru hesabat verdi - Ağır cinayətlərin sayı azalıb

Bakı şəhər prokuroru hesabat verdi - Ağır cinayətlərin sayı azalıb
  18 İyul 2017    Oxunub:4968
“2017-ci ilin I yarımilində 6 644 cinayət hadisəsi qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə onların açılma faizi 0,3% artaraq 79,9 %, ağır və xüsusilə ağır cinayətlərin sayı 38 hadisə və ya 3,4% azalaraq 1070 olub”.
AzVision.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2017-ci ilin I yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Onun sözlərinə görə, hesabat dövründə qeydə alınmış 31 qəsdən adam öldürmə cinayətinin (2016-cı ilin müvafiq dövründə həmin sayda), o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 7 qəsdən adam öldürməyə cəhd cinayətinin (2016-cı ilin müvafiq dövründə 13 hadisə) açılması təmin edilib. 2017-ci ilin birinci yarımilində qəsdən adam öldürmə cinayətlərinin sayı sabit qalmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə azalmışdır ki, bu da Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində aparılan işlərin göstəricilərindən biridir.

Hesabat dövründə isə 38 quldurluq hadisəsi, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə az baş verib, onlardan 7-si bağlı qalıb. Ölümlə nəticələnən 87 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən bağlı qalanı olmayıb.

Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 551 işdən 276-sı, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 5490 cinayət işindən 2369-nun istintaqı tamamlanıb.

Qeyd olunub ki, hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulan 1 milyon 275 min manat maddi ziyandan 13.6%-i yəni, 168 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 13 milyon 761 min manat maddi ziyandan 55%-i yəni, 7 milyon 562 min manatı istintaq zamanı ödətdirilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar da diqqətə çatdırılıb. Bildirilib ki, quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq onlardan 7 cinayət faktının tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanmışdır. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

Xüsusi qeyd olunub ki, vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər. Müşavirədə işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və şəhər prokurorluğunun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən şəhər prokurorluğu orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə Bakı şəhərində ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.


AzVision.az



Teqlər: BaşProkuroruluq   İlqarAbbasov   Bakı-şəhər-prokuroru  





Xəbər lenti