Cocuq Mərcanlıya ilk köç başa çatdı - (VİDEO)

Cocuq Mərcanlıya ilk köç başa çatdı - (VİDEO)
  18 İyul 2017    Oxunub:12144
Bu gün Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə köç başa çatıb.
Bunu AzVision.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

Komitə rəsmisi bildirib ki, Biləsuvarda məskunlaşan daha 6 məcburi köçkün ailəsi kəndə köçürülüb.

Onun sözlərinə görə, orada ailələr üçün hər cür şərait yaradılıb.

E.Qədimov qeyd edib ki, hazırda Cocuq Mərcanlı kəndində əlavə 100 evin tikintisi işləri sürətlə davam etdirilir.

Qeyd edək ki, Cocuq Mərcanlıda birinci mərhələdə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Həmçinin iyun ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9,0 (doqquz) milyon manat ayrılıb.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cəbrayıl   Cocuq-Mərcanlı  





Xəbər lenti