Prezident Latviya Seyminin sədri ilə görüşüb - Yenilənib (Fotolar)

Prezident Latviya Seyminin sədri ilə görüşüb - Yenilənib (Fotolar)
  17 İyul 2017    Oxunub:1694
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Seymində olub.
AzVision.az-ın xəbərinə görə, Latviya Respublikası Seyminin sədri İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. İnara Murnietse Seymin bir qrup deputatını Prezident İlham Əliyevə təqdim etdi. Latviya Seyminin sədri Prezident İlham Əliyevə Seymin fəaliyyəti barədə məlumat verdi və iclas zalı ilə tanış etdi. Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Latviya Seyminin fəxri qonaqlar kitabını imzaladı. Daha sonra Prezident İlham Əliyevin Latviya Seyminin sədri İnara Murnietse ilə görüşü oldu. Latviya Seyminin sədri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Bakıya səfərini məmnunluqla xatırlayan İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərinin də ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağını vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi. Latviya parlamentinin sədri ilə Bakıda görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərə böyük töhfə verdiyini bildirdi. Ölkələrimizin iqtisadi əlaqələrinin genişlənməsi üçün də yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, mədəniyyət, humanitar və turizm sahələrində də əməkdaşlıq üçün böyük imkanlar var. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar və beynəlxalq nəqliyyat layihələri barədə danışdı. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Latviyanın uğurla əməkdaşlıq etdiklərini deyən Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxundu, bu əlaqələrin dinamik inkişaf etdiyini bildirdi, Avropa İttifaqının Azərbaycanın enerji, qaz, nəqliyyat sahələrində irəli sürdüyü layihələri dəstəklədiyini vurğuladı.

Latviya Seyminin sədri Avropa İttifaqında Azərbaycanı daim dəstəklədiklərini bildirdi. Latviyanın mövqeyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsindən ibarət olduğunu deyən İnara Murnietse cəbhə xəttində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətli ilə nəticələnən son hadisədən təəssüfləndiyini bildirdi və qeyd etdi ki, əfsuslar olsun, cəbhə bölgəsində bu cür vəhşilik halları davam edir.

Prezident İlham Əliyev təmas xəttində mülki əhalinin qətli ilə nəticələnən son hadisələrdən danışdı, bu hadisə, həmçinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Latviyanın mövqeyinə görə minnətdarlığını bildirdi.

AzVision.az

Qalereya




Teqlər: İlham-Əliyev   Riqa   Latviya  





Xəbər lenti