Sumqayıtda 7 evi yaran şəxslər tutulub

Sumqayıtda 7 evi yaran şəxslər tutulub
  17 İyul 2017    Oxunub:1429
Sumqayıtda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayətləri törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs bu ilin aprel ayından başlayaraq Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evlərindən oğurluq etməyə başlayıb. M.Əliyev istintaqa ifadəsi zamanı Sumqayıt şəhərində 7 evdən pul, qızıl-zinət əşyaları, noutbuk, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, M.Əliyev mənzillərdən dəyəri 15 min manata yaxın qızıl və 16 min manat pul oğurlamaqla zərərçəkənlərə ümumilikdə 31 min manat maddi ziyan vurub. Araşdırmalar zamanı M.Əliyevin Binəqədi və Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən də oğurluq etdiyi məlum olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə velosiped oğurluqları etməkdə təqsirli bilinən Natiq Əliyev də saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində 7 velosiped oğurladığı məlum olub. N.Əliyev oğurladığı velosipedləri Sumqayıt şəhərində yerləşən bazarlardan birində satdığını bildirib.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti