“Səni çox istəyirəm” deməklə iş bitmir – Baş pediatrdan çağırış

16:19   15 İyul 2017    Oxunub: 7169

"Uşaqlar arasında yay fəsli üçün xarakterik olan xəstəliklər sırasında həzm pozğunluğu və mədə-bağırsaq üzvlərinin xəstəliyi birinci yerdə durur"

Bunu AzVision.az-a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

Baş pediatr qeyd edib ki, yay fəslində qida növünün çoxalması, çoxsaylı meyvə və giləmeyvələrin olması, havaların isti keçməsi xəstəliklərin artmasına səbəb olur.

“Uşaqlar arasında daha çox mədə-bağırsaq pozğunluqları, ishal və qusma, qida zəhərlənmələri müşahidə edilir. İsti havalar və günvurma halları, həşaratların dişləməsi, ilan sancması və digər canlıların dişləməsi ilə baş verən hadisələr, allergik xəstəliklər bu fəsil üçün xarakterikdir”.

N.Quliyevin sözlərinə görə, bu xəstəliklərin baş verməməsi, eyni zamanda qarşısının alınması təkcə tibb işçilərindən deyil, həm də valideynlərin borcudur.

“Valideynlər öz uşaqlarına qarşı diqqətli və qayğıkeş olmalıdırlar. “Mən səni çox istəyirəm” deməklə iş bitmir. Biz onu gördüyümüz işdə, hərəkətlərimizdə sübut etməliyik. Valideynlərə tövsiyyəm odur ki, uşaqların qidalanmasına xüsusi diqqət yetirsinlər. Burada müstəsna əhəmiyyət kəsb edən hallardan biri uşaqların təmiz sudan istifadə etməsidir. Sübut olunub ki, təmiz sudan dünyanın hər yerində istifadə edilsəydi, onun effekti peyvəndən də yaxşı olardı. Valideynlər uşaqların təmiz su içməsinə il boyu, xüsusilə yay fəslində xüsusi önəm verməlidirlər. Bakı şəhəri daxil olmaqla ölkədə su təhcizatı yaxşıdır. Lakin tövsiyyə edirik ki, uşaqlara suyu qaynadıb versinlər. Uşaqlara qaynadılmamış su verilməsinə tərəfdar deyilik”.

N.Quliyev bildirib ki, yay mövsümündə insanların qəbul etdiyi qidaların tərkibi birdən-birə artır, bu da fəsadlara səbəb olur.

“Mənfi cəhət ondan ibarətdir ki, yay mövsümündə qidaların saxlanmasında soyutma rejiminə əməl etmədikdə, qidaların çox asanlıqla bakteriloji çirklənməsi və xəstəlik törətməsi ehtimalı artır. Bunu tibb işçiləri, valideynlər nəzərə almalıdırlar. Uşaqların qəbul etdiyi qida onların yaşına uyğun olmalıdır və onların saxlanma rejiminə ciddi əməl olunmalıdır. Mədə-bağırsaq üzvlərinin xəstəlik əlaməti görünürsə, valideynlər mütləq həkimə müraciət etməlidirlər. Biz həkimlər özbaşına, el arasında tətbiq edilən müalicə üsullarının istifadə olunmasının qəti əleyhinəyik”.

Baş pediatr uşaqların isti və günəşli havadan qorunmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, yaz və yay mövsümündə günəş, qum və dəniz üçlüyü uşaqların inkişafında böyük əhəmiyyət kəsb edir:

“Amma müəyyən rejimə və qaydalara riayyət etmiriksə, uşaqlarda dəridə yanma, zədələnmələr, isti vurma, günvurma kimi ağır hallarla rastlaşırıq. Bunların baş verməməsi üçün uşaqların dəniz, hava, qum vannasından əlverişli şəraitdə, icazə verilmiş çimərliklərdə istifadə etməsi vacibdir. Səhər saat 06:00-dan 11:00-ə qədər, eyni zamanda 16:30-dan gün batana qədər bundan istifadə etmək olar. İstivurma və günvarmanın ilkin əlamətləri müşahidə edilən kimi mütləq həkimə müraciət etmək lazımdır.

Bundan əlavə uşaqların yay mövsümündə qidasının dəyişdirilməsini tövsiyyə etmirik. Körpələr doğulandan ilk 6 ay ərzində ancaq ana südü ilə qidalanır. 6 aylıq dövr yay mövsümünə düşürsə, həkimlər bunun müddətini 2-3 aya qədər uzada bilər. Yəni bu dövrdə qidanı dəyişdirmək və ya əlavə qida vermək məsləhət bilinmir”.

Uşaqlar arasında yay fəslində allergik xəstəliklərin çoxaldığını deyən N.Quliyev bildirib ki, yaşıl örtük, ağacların buraxdığı tozlar, həşarat dişləməsi zamanı onların qana yeritdiyi toksitlər bəzən uşaqların orqanizmində cürbəcür allergik vəziyyətin yaranmasına gətirib çıxarır.

“Bunun əlamətləri ilk öncə dəri səthində görünür, sonra isə daha dərin əlamətlər müşahidə edilir, hətta qıtlağın ödemi, boğulmaya qədər ağır hallar yarada bilər. Bunların qarşısını almaq üçün uşaqları allergik reaksiya yarada biləcək faktorlardan uzaq tutmaq lazımdır. Bu günə qədər uşaqlar arasında tək və ya qrup şəklində bizi narahat edən xəstələnmə müşahidə etməmişik. Yeganə qarşılaşdığımız hal Sumqayıt şəhəri və onun ətrafındakı qəsəbələrdə rast gəlinən mədə-bağırsaq xəstəlikləri idi ki, bunun da qarşısı alındı. Əvvəlki illərlə müqayisədə uşaqlar arasında xəstəliklərlə bağlı müraciətlər artmayıb, əksinə azalıb. Artıq uzun illərdir ki, qorxulu, narahatedici ağır qida toksiki infeksiyalar, mədə-bağırsaq xəstəlikləri, botulizm kimi xəstəliklərin heç biri ilə rast gəlməmişik”

Aytən Zəhra
AzVision.az

Teqlər: Baş-Pediatr   Nəsib-Quliyev    




Rubrikanın digər yazıları