Ukrayna telekanalında Ermənistanın işğalçılığı pislənilib

Ukrayna telekanalında Ermənistanın işğalçılığı pislənilib
  15 İyul 2017    Oxunub:1626
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin dəvət aldığı Ukraynanın tanınmış ATR telekanalının müəllif proqramında Ermənistanın işğalçı siyasətindən bəhs edən veriliş yayımlanıb.
AzVision.az xəbər verir ki, verilişdə ukraynalı aparıcılar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin – iki yaşlı Zəhra Quliyeva və onun nənəsinin öldürülməsinə dair sual veriblər.

Səfir A.Xudiyev Azərbaycanın mülki şəxslərinin müxtəlif zamanlarda Ermənistan silahlı birləşmələri tərəfindən qətlə yetirildiyini vurğulayaraq, bunu terrorizm aktı adlandırıb və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

Bildirib ki, 2016-cı ilin aprelində Ermənistan silahlı birləşmələri Azərbaycanın kəndlərini, dinc sakinləri, mülki obyektləri atəşə tutdular. Azərbaycan Ordusu buna cavab olaraq, hərbi əməliyyatlar keçirərək strateji yüksəklikləri işğalçılardan azad etdi. Bunun nəticəsində cəbhə bölgəsində olan bir çox kəndlərdə Azərbaycanın mülki şəxslərinin təhlükəsizliyinə təminat yarandı. Eyni zamanda, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən quruldu və yerli əhali artıq ora köçməyə başlayıb.

Ukraynalı aparıcılar ermənilərin Xocalıda soyqırımı törətdiklərini qeyd edərək, Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxladıqlarını bildiriblər.

Bu fikirlərə münasibət bildirən A.Xudiyev Xocalı soyqırımının XX əsrin ən dəhşətli insan faciəsi olduğunu deyib.

“Xocalıda törədilən vəhşilik ən dəhşətli insan faciəsi olan soyqırımı aktıdır. Orada uşaqlar, qadınlar da daxil olmaqla Azərbaycanın yüzlərlə mülki şəxsi vəhşicəsinə qətlə yetirilib”,-deyə səfir söyləyib.

A.Xudiyev bildirib ki, 25 ildən artıqdır Azərbaycanın əraziləri Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə çalışılsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində problem hələ də həllini tapmır.

Azərbaycanın rəsmi mövqeyi odur ki, bir qarış torpağımız belə güzəştə gedilməyəcək.

“Erməni tərəfi təxribatlar törətməklə status-kvonu saxlamağa çalışır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı güzəştdən söhbət gedə bilməz. Bunu Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib və problemin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu vurğulayıb”,- deyə səfir bildirib.

AzVision.az


Teqlər: Ukrayna   Azərbaycan   Alxanlı   cəbhə  





Xəbər lenti