Yerli KİV-lər Alxanlı hadisələrini necə işıqlandırdı? - Açıqlama

Yerli KİV-lər Alxanlı hadisələrini necə işıqlandırdı? - Açıqlama
  13 İyul 2017    Oxunub:2771
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Alxanlı hadisələrinin işıqlandırılmasında kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətini yüksək qiymətləndirib.
MŞ sədri AzVision.az-a bildirib ki, yerli KİV-lər iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndinə törətdiyi təxribatı ölkə və dünya ictimaiyyətinə operativ şəkildə çatdırıb.

“Burada xarici dilli mətbuat vasitələrinin, ayrı-ayrı xəbər portallarının və informasiya agentliklərinin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. Məhz bu KİV-lər vasitəsilə dünya ermənilərin mənfur hərəkəti ilə tanış oldu. Eyni zamanda dünyanın əksər mətbuat vasitələri Azərbaycan mediasına söykənərək və onları özlərinə informasiya mənbəyi hesab edərək 2 yaşlı Zəhranın şəklini yaydılar, baş verən hadisələri işıqlandırdılar. Bununla dünyaya göstərildi ki, ermənilər azyaşlı uşağa belə rəhm etmirlər. Bu məsələdə dünyanın elə bir ölkəsi olmadı ki, orada fəaliyyət göstərən mətbu orqanlar, televiziya vasitələri Alxanlı hadisələri haqqında məlumat verməsinlər”.

Ə.Amaşov hadisələrin baş verdiyi dövrdə mətbuat orqanlarında təhlil xarakterli məlumatların yayılmasını xüsusi vurğulayıb.
“Hadisə ilə bağlı təhlillər aparıldı və erməni tərəfinin irəli sürdüyü iddiaların yalan olduğu göstərildi. Dünyanın çoxsaylı mətbuat vasitələrində bu xəbərlər öz əksini tapdı. Hətta Alxanlıdan atəşin açılmaması və orada silahlı qüvvələrin olmaması barədə xəbərlər ölüm xəbəri ilə paralel yayıldı. Bu da kifayət qədər diqqəti çəkən məsələdir”.

MŞ sədrinin sözlərinə görə, siyasi yönümündən aslı olmayaraq ölkə mətbuatı Alxanlı hadisələrinin işıqlandırılmasında, həqiqətlərin dünyaya çatdırılmasında xüsus fəallıq nümayiş etdirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Mətbuat-Şurası   KİV   Əflatun-Amaşov   Alxanlı  





Xəbər lenti