Sabiq XİN rəhbəri Məmmədyarov-Nalbandyan görüşünü şərh etdi

Sabiq XİN rəhbəri Məmmədyarov-Nalbandyan görüşünü şərh etdi
  13 İyul 2017    Oxunub:2387
“Ermənistanla danışıqlar aparmağın heç bir mənası yoxdur. Çünki bu ölkənin qeyri-konstruktiv mövqeyi dəyişilməz olaraq qalır”

Bunu AzVision.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov XİN rəhbərlərinin Brüsseldə keçirilən görüşünü şərh edərkən deyib.
Sabiq nazir hesab edir ki, danışıqların uğursuz olmasının əsas səbəblərindən biri həmsədlərin fəaliyyətsizliyidir.

“Danışıqların davam etdirilməsinin mənası yoxdur və bu görüşlərdən ciddi nəticə gözləmirəm. Bundan əlavə uğurlu danışıqlara və görüşlərə ümidim qalmayıb. Çünki, Ermənistanın mövqeyi bəllidir. Onların mövqeyində heç bir dəyişiklik yoxdur. Eyni zamanda qeyd edim ki, ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən Ermənistana təzyiq göstərilmir. Ona görə də vəziyyətin dəyişməsi inandırıcı deyil”.

Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçirilib. Hər hansı mexanizmlərin yaradılmasının müzakirə olunmadığı görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsdərlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

Bunda başqa görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib.

Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif isə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: XİN   Azərbaycan   Tofiq-Zülfüqarov   Ermənistan   Qarabağ  





Xəbər lenti