İlham Əliyev: "İşğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik"

İlham Əliyev: "İşğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik"
  12 İyul 2017    Oxunub:3254
"Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

“Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir”-deyə dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olubdur: “Son illər yüzə yaxın qəsəbə salınıb. Ancaq onların arasında bu il açdığımız Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, tarixi hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti Sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək.

Digər layihələr də icra edilir. Tərtər rayonunda böyük şəhərcik salınır. Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir. Masazırda, Sumqayıtda, Qaradağ rayonunda belə təşəbbüslər irəli sürülür. Onların arasında Qaradağ layihəsini xüsusilə qeyd etmək istərdim. Çünki bu, bir yenilikdir, yeni təşəbbüsdür. Bu, özəl sektor tərəfindən inşa edilən böyük şəhərcikdir. Orada min köçkün ailəsi məskunlaşacaq və bu, çox gözəl nümunədir”.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti