Axtarışda olan 398 nəfər sərhəddə tutulub

Axtarışda olan 398 nəfər sərhəddə tutulub
  11 İyul 2017    Oxunub:1934
Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzVision.az-a bildirilib ki, ötən ay dövlət sərhədini pozan 39 nəfər saxlanılıb. Onların 22 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Banqladeş, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, Qazaxıstan və Konqo vətəndaşlarıdır.

Sərhəd rejim qaydalarını pozarkən 1151 halda 1522 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 398 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 95 kq 740,8 qram narkotik vasitə aşkarlanıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 4 milyon 579 min 256 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd qaz tapançası, 2 ədəd ov tüfəngi, 174 000 ABŞ dolları, 7 kq əridilmiş qızıl külçə, 4870 qram gümüş, 148 045 ədəd zəli, 5 ədəd qayıq, 5293 qutu pirotexniki vasitə, 13720 qutu siqaret, 268 ədəd mobil telefon, 1012 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanıb.

AzVision.az


Teqlər: DSX  





Xəbər lenti