"Prezident qarşısına qoyduğu bütün hədəflərə çatıb" - Deputat

"Prezident qarşısına qoyduğu bütün hədəflərə çatıb" - Deputat
  11 İyul 2017    Oxunub:1603
“Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə keçirilən konqresdə iştirak etməklə göstərdi ki, qarşısına qoyduğu bütün hədəflərə çatıb”.

Bunu AzVision.az-a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən deyib. Deputat vurğulayıb ki, Azərbaycan Avropanın, dünyanın enerji təhlükəsizliyində xüsusi yerə və rola malik olan dövlətdir.
“Azərbaycan özünün neft və qaz yataqları, çəkilən kəmərləri ilə dünyanın enerji xəritəsində dəyişiklik edə bilən dövlətdir. İkinci hədəf isə konqresə gələn müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin diqqətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırmaq idi. Ölkə başçısı bu məsələni, xüsusilə erməni silahlı qüvvələrinin Alxanlıda törətdiyi qətliamı gündəmə gətirdi”.

E.Nəsirovun fikrincə, Azərbaycan prezidentinin ABŞ Dövlət katibi Reks Tillerson ilə görüşü xüsusi əhəmiyyət kəsb edir: “Görüşdə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın avantürist, vandal, beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə Tillersona geniş məlumat verib. Prezident XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını xahiş edib. Dövlət başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib”.

E.Nəsirov xatırladıb ki, Türkiyəyə səfər çərçivəsində ölkə başçısı bir çox mühüm görüşlər keçirib: “Prezidentin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla baş tutan görüşü xüsusi əhəmiyyətə malikdir. Hər iki dövlətin başçıları öz çıxışlarında əlaqələrin bütün istiqatələr üzrə inkişaf etdiyini vurğulayıb. Ölkə başçısı bildirib ki, Türkiyə və Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir, bunun bölgəyə çox böyük təsiri var”.

E.Nəsirov hesab edir ki, ölkə başçısının Türkiyəyə səfəri Azərbaycan üçün olduqca əhəmiyyətlidir: “Bu səfər Azərbaycan həqiqətlərinin bir daha dünya ictimaiyyətinin diqqət mərkəzinə çatdırılması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun bəyan edilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Eyni zamanda dövlət başçısı konqresdə iştirak edən ölkələrin rəhbərləri ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsinə xidmət edən mühüm görüşlər keçirib. Bu isə ikitərəfli əlaqələrin müzakirəsi, daha da inkişaf etdirilməsinə xidmət edən müəyyən ortaq mövqelərin irəli sürülməsi baxımından olduqca böyük siyasi məna kəsb edir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Elman-Nəsirov   Deputat   Azərbaycan   Türkiyə   prezident  





Xəbər lenti