"Kondisioneri yandırıb, maşını tərk etməyin" - Sürücülərin diqqətinə!

"Kondisioneri yandırıb, maşını tərk etməyin" - Sürücülərin diqqətinə!
  10 İyul 2017    Oxunub:24631
“İsti yay günlərində bəziləri kondisioner işləsin deyə mühərriki işlək vəziyyətdə avtomobili park edirlər. Hətta bəziləri belə avtomobili xeyli müddətə tərk edib gedirlər. Bu, həm qanunsuzdur, həm də çox təhlükəlidir”.
AzVision.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, sürücünün mühərriki işləyən avtomobili tərk etməsi qadağandır:

“Çünki hər şey ola bilər. Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır. Durduğu yerdə mühərriki uzun müddət işləyən avtomobil asanlıqla alışa bilər. İstehsalçı zavodların əksər avtomobillərə mühərriki işləyən zaman qapılarını bayırdan kilidləmək funksiyasını qoymaması bundan irəli gəlir. Kimin avtomobilində belə funksiya varsa, deməli elektrik sisteminə müdaxil edilib. Elektrik sisteminə müdaxilə olan avtomobil isə çox asanlıqla yanmağa məhkumdur. Ekoloji ziyan da göz qabağındadır. Dayanan avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılar tədricən zəhərlənir, avtomobilin özündə olan adam isə çox asanlıqla dəm qazından ölə bilər. Ölkəmizdə tez-tez belə hallar baş verir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ərşad-Hüseynov   Maşın   Kondisioner  





Xəbər lenti