"Rusiyanın mövqeyi danışıqlar prosesinə xələl gətirir" - Sülh Platformasının üzvü
Bunu AzVision.az-a “Ermənistan-Azərbaycan Sülh Platforması”nın təsisçilərindən olan Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü kimi məndə sual yaranır ki, necə olur Rusiya vətəndaşı olan azərbaycanlı öz doğma torpaqlarına gedir və qondarma rejim onları tutur və hökm oxuyur, işgəncələr verir, amma Rusiya heç bir bəyanat vermir? Bilə-bilə ki, işğal faktına görə, təxribatçı ermənilər Azərbaycana buraxılmırlar. Lakin bu məsələni qabardırlar. Niyə?”
Millət vəkili hesab edir ki, Rusiyanın Ermənistana verdiyi dəstək nəticəsində ermənilər əleyhimizə müəyyən çıxışlar edirlər.
“Hesab edirəm ki, Azərbaycan düzgün yoldadır. İstəyimiz olmadan heç bir erməniəsilli vətəndaş Azərbaycana gələ bilməz. Ona görə də belə cəhdlərin qarşısını almalıyıq. Azərbaycana qarşı atılan daşlara qətiyyən fikir verməməliyik. Azərbaycan müstəqil dövlətdir və öz işini düzgün qurub. Ona görə də ATƏT-in Minsk qrupunda olan dövlətlərdən öz haqlı mövqeyini tələb etməlidir. Biz heç vaxt mövqeyimizdən dönməyəcəyik”.
R.Rzayev vurğulayıb ki, həmsədrlər münaqişənin həlli üçün aktiv mövqeyə keçməlidir: “Həmsədrlər beynəlxalq hüquq prinsiplərinə uyğun addımlar atmalıdır. Böyük dövlətlər maraqlı olmalıdırlar ki, beynəlxalq hüquq beynəlxalq hüquqsuzluğa məğlub olmasın. Hadisələr göstərir ki, beynəlxalq hüquq işləsəydi, belə problemlər mövcud olmazdı, teraktlar, işğalçı dövlətlərin qarşısı alınardı. Nə qədər ki, böyük dövlətlər beynəlxalq hüquq prinsiplərinə barmaqarası baxacaqlar, bu problemlər həll olunmayacaq. Həmsədr dövlətlər Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə məcbur etdikdən sonra digər məsələləri müzakirə etmək olar”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Deputat Rövşən-Rzayev Qarabağ Münaqişə