“L’Opinione” qəzeti Alxanlı faciəsindən yazdı

“L’Opinione” qəzeti Alxanlı faciəsindən yazdı
  08 İyul 2017    Oxunub:1115
İtaliyanın aparıcı KİV-lərindən olan “L’Opinione” qəzetində jurnalist-tədqiqatçı Domeniko Letizianın Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi cinayətlər və bunun İtaliyadakı əks-sədasına dair məqaləsi dərc olunub.
Müəllif yazır ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindən yeni və qorxunc xəbərlər gəlir. Cəbhə bölgəsində azərbaycanlı mülki şəxslər qətlə yetirilir, onların başına müsibətlər gətirilir. Məqalədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarına istinad edilərək bildirilir ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra həlak olub, daha bir mülki şəxs ağır yaralanıb. Baş verənlər vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

İtaliyanın müxtəlif siyasi partiyalarının nümayəndələrinin baş verənləri yekdilliklə pislədiyini vurğulayan Domeniko Letizia italiyalı parlamentarilərin fikirlərinə istinad edib. Onların bəyanatlarında Ermənistan tərəfindən törədilən təcavüz aktının qəti və kəskin şəkildə qınanıldığı, zərər çəkmiş azərbaycanlı mülki əhali ilə tam həmrəylik ifadə olunduğu vurğulanır.

Qeyd olunur ki, ATƏT-in Minsk qrupu həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərinə beynəlxalq təşkilatların qərar və qətnamələrinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq Ermənistandan öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı və status-kvonun dəyişdirilməsini tələb etməlidirlər. Parlamentarilər öz bəyanatlarında, həmçinin İtaliyanın gələn ildən ATƏT-ə sədrlik edəcəyini nəzərə alaraq, İtaliya hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunda sülhün əldə olunması və münaqişənin həlli üzrə səylərini əsirgəməməyə çağırıblar.

AzVision.az


Teqlər: Alxanlı  





Xəbər lenti